CƏMİYYƏT
Şabranda sel gəlməsi səbəbindən köməksiz vəziyyətdə qalan şəxs xilas edilib VİDEO
Bakı, 27 noyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şabran rayonunun Surra kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbindən vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, intensiv yağışlar nəticəsində Dəvəçiçay çayına sel gəlməsi səbəbindən hərəkətdə olan avtomobilin çayda batdığı və vətəndaşın avtomobildə təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə təhlükəli vəziyyətdə qalan 1966-cı il təvəllüdlü Cəfərov İdayət Nemət oğlu xilas edilib.