Sabunçu rayonunda əllərdə qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində əməliyyat keçirilib
Bakı, 8 fevral, AZƏRTAC
Sabunçu rayonunda ayrı-ayrı şəxslərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkarlanması istiqamətində bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsi və Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş vətəndaş Ədalət Bağırov saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman “Makarov” markalı tapança, həmin silaha məxsus daraq və yeddi patron aşkarlanaraq götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu bildirib.
Rayon polis idarəsinin 12-ci polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş vətəndaş Canbaxış Əliyev tutulub. Onun üzərinə baxış zamanı iki qrama yaxın psixotrop maddə olan metamfetamin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq polis şöbəsi əməkdaşları tərəfindən Canbaxış Əliyevin Ramana qəsəbəsində yaşadığı evin həyətindəki istixanaya baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat silah, bir ədəd sandıqça və beş ədəd patron aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı 12-ci polis şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam etdirilir.