İQTİSADİYYAT
Sabunçu rayonunun bir hissəsində xüsusi avtobus zolağı salınır
Bakı, 27 sentyabr, AZƏRTAC
Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin təşkili ilə bağlı görülən işlər çərçivəsində Sabunçu rayonu, Zabrat qəsəbəsi, Şəhər şosesində avtobus zolağının təşkili həyata keçirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, yolboyu avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilir və müvafiq yol nişanları quraşdırılır.
Şəhər şosesində 18 müntəzəm marşrut xətti üzrə 160 avtobus fəaliyyət göstərir və sözügedən yoldan gün ərzində 1600 dəfədən çox avtobus keçir. Gündəlik olaraq bu yolda avtobuslarla 110 minə qədər sərnişin daşınır.
“İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırış edirik. Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolaqları şəbəkəsinin genişləndirilməsi istiqamətində digər küçə və prospektlərdə də müvafiq tədbirlər görüləcək”, - deyə AYNA-nın yaydığı məlumatda qeyd olunub.