Sağlam qidalanmadan bəhs edən kitabça hazırlanır
Bakı, 21 may, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu tərəfindən maarifləndirmə tədbirləri davam etdirilir. Həyata keçirilən maarifləndirmə tədbirləri çərçivəsində institutun əməkdaşları “Sağlam qidalanma” adlı kitabça hazırlayırlar.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, kitabçada “Sağlam qidalanma nədir”, “Gündəlik istehlak normaları”, “İnsan orqanizmində vitamin və mineralların əhəmiyyəti”, “Sağlam qida rasionunun tərtibi”, “Xəstəliklər zamanı qidalanma”, “Zərərli qidalar”, “Qida zərərvericiləri”, “Sağlam menyu” başlıqları altında maraqlı məlumatlar dərc olunacaq.
Ümumilikdə kitabçada qida məhsullarının tərkibinə görə (yağ, zülal, karbohidrat tərkibli və lifli qidalar) qruplaşdırılması, gündəlik istehlak edilən təzə və quru meyvələr, tərəvəzlər, un məmulatları, qənnadı məmulatları, ət və ət məhsulları, paxlalılar, süd və süd məhsulları, yağ, şəkər, duz və mayenin gündəlik istehlak normaları, qida məhsullarının tərkibindəki minerallar və vitaminlərin insan orqanizminə təsirləri kimi məsələlərin əhatə edilməsi nəzərdə tutulur.
Həmçinin körpələr, uşaqlar, yeniyetmələr, gənclər, yetkin və yaşlı insanlar, hamilə və süd verən qadınlar, vegeterianlar, idmançılar üçün sağlam qida rasionu, o cümlədən diabet, ürək-damar, onkoloji, həzm sistemi, təzyiq, qalxanvari vəzin xəstəlikləri və allergiya zamanı düzgün və sağlam qidalanma qaydaları da kitabçada öz əksini tapacaq. Kitabçada zərərli qidalar, qida zəhərlənmələri, qida məhsullarının düzgün saxlanma qaydaları haqqında da məlumatlar veriləcək.
Kitabçanın axırında “Sağlam menyu” bölməsində detoks təsirə malik kokteyllər, sağlam qızartmalar, salatlar, şorbalar haqqında məlumatların verilməsi də nəzərdə tutulur.