SAHİBKARLIĞIN DÖVLƏT TƏRƏFİNDƏN TƏNZİMLƏNMƏSİ DƏ QAYĞI ƏLAMƏTİDİR
İlk növbədə sahibkarlıq subyektlərinin qeydiyyatı prosesinin sadələşdirilməsini nəzərdə tutan “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun, habelə kiçik və orta sahibkarlıq subyektlərinin müəyyən edilməsi meyarlarının təkmilləşdirilməsi ilə əlaqədar müvafiq normativ hüquqi sənədlərin layihələri hazırlanmışdır. Sonuncu sənədlər sahibkarlıq sektoruna dövlət köməyinin ünvanlılığını daha da artıracaqdır.
Bundan əlavə, dövlət ehtiyacları üçün məhsul istehsalı və işlərin, xidmətlərin görülməsi üzrə sifarişlərin yerinə yetirilməsində kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı mexanizminə dair təkliflər hazırlanaraq təqdim olunmuşdur. Eyni zamanda, kiçik sahibkarlıq subyektləri üçün sadələşdirilmiş uçot sistemini müəyyənləşdirən müvafiq qərar layihəsi hazırlanmış və Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir.
Məlum olduğu kimi, ölkədə işgüzar fəaliyyəti həvəsləndirmək məqsədi ilə vergi növləri üzrə dərəcələr sahələr və regionlar üçün fərqləndirilməklə aşağı salınmış, sadələşdirilmiş vergi sisteminin tətbiq dairəsi genişləndirilmiş, habelə sosial sığorta haqları azaldılmış, lisenziyalaşdırma sistemi köklü şəkildə təkmilləşdirilmişdir. Yeni lisenziyalaşdırma sisteminin tətbiqi azad rəqabətin inkişafına, istehsal edilən məhsulun və göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur.
İqtisadiyyatda inhisarçılığın məhdudlaşdırılması və sağlam rəqabətin inkişafı məqsədi ilə əmtəə bazarlarında inhisarçı mövqe tutan təsərrüfat subyektlərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilmişdir. Bundan əlavə, bir sıra sahələrdə inhisarçı təsərrüfat subyektlərinin xidmət tarifləri Tarif Şurasında müzakirə ediləcəkdir.