İQTİSADİYYAT
SAHİBKARLIĞIN MALİYYƏ VƏ SƏRMAYƏ TƏMİNATI GÜCLƏNDİRİLİR
Azərbaycan Prezidenti yanında Sahibkarlar Şurası katibliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına sahibkarlığın maliyyə cəhətdən dəstəklənməsi istiqamətində İqtisadi İnkişaf, Maliyyə nazirlikləri və Milli Bankın nümayəndələrindən ibarət müsabiqə komissiyası tərəfindən regionlarda filialları olan 11 müvəkkil bank seçilmişdir. 2002-ci ildə bu banklar vasitəsilə respublikanın 18 şəhər və rayonu üzrə 49 sahibkarlıq subyektinin sərmayə layihəsinin maliyyələşdirilməsi təmin edilmiş, Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı layihələrinin maliyyələşdirilməsi üçün 2,5 milyard manat vəsait ayrılmışdır. Ötən il maliyyələşdirilmiş sahibkarlıq subyektinin 19-u Bakı, 30-u isə digər rayon və şəhərlərdə yerləşir. Maliyyələşdirilən sərmayə layihələri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalına və emalına, xidmət, turizm, kütləvi informasiya vasitələrinin inkişafına yönəldilmişdir.
Kreditləşdirilmiş sahibkarlıq subyektlərinin təqdim etdiyi layihələr üzrə 2 minə yaxın iş yerinin yaradılması nəzərdə tutulmuşdur.
2003-2005-ci illər ərzində sahibkarlığın inkişafına ümumən 250 milyard manat vəsait ayrılacaqdır. 2003-cü ilin dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş 57 milyard manat vəsaitdən 35 milyard manatı Sahibkarlığa Kömək Milli Fondunun hesabına köçürülmüşdür. Cari ilin ötən aylarında bu vəsait hesabına müvəkkil banklar vasitəsilə respublikanın 29 şəhər və rayonu üzrə 135 sahibkarlıq subyektinin ümumi məbləği 13,1 milyard manat olan sərmayə layihələri maliyyələşdirilmiş, Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafı layihəsinin maliyyələşdirilməsinə 3 milyard manat ayrılmışdır.
Sahibkarlığa maliyyə dəstəyini daha da yaxşılaşdırmaq məqsədi ilə aparılmış danışıqlar nəticəsində Avropa Yenidənqurma və İnkişaf Bankı, Almaniyanın Texniki Əməkdaşlıq Bankı, Qara Dəniz Ticarət və İnkişaf Bankı, habelə Beynəlxalq Maliyyə Korporasiyasının təsisçiliyi ilə Mikromaliyyələşdirmə Bankı fəaliyyətə başlamışdır.
Bütün bunlarla bərabər, beynəlxalq maliyyə-kredit qurumları tərəfindən ölkə sahibkarlığının maliyyələşdirilməsi üçün ayrılan kredit xətlərinin tam istifadəsinə mane olan amillər hərtərəfli təhlil olunmuş, onların aradan qaldırılması yolları ilə bağlı təkliflər Nazirlər Kabinetinə təqdim edilmişdir.