Sahibkarlıq subyektlərində keçirilən təlimlər davam etdirilir
Bakı, 7 mart, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin fəaliyyətinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə keçirilən təlimlər davam etdirilir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, növbəti nəzəri-praktiki təlim AQTİ mütəxəssisləri tərəfindən "Bazarstore" Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşları üçün “Risklərin qiymətləndirilməsi qaydaları” mövzusunda təşkil olunub.
Təlimdə iştirakçılara HACCP sisteminin yaranması, inkişaf tarixi, prinsipləri, üstünlükləri və faydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, HACCP risk əsaslı yanaşmanı tətbiq edir, qida məhsullarına ola biləcək təhlükələrin və risklərin əvvəlcədən qiymətləndirilməsi mexanizmini yaradır. Bu sistem qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrə asanlıqla tətbiq oluna bilir. Təlim zamanı iştirakçılara risklərin qiymətləndirilməsi qaydaları da izah edilib və müvafiq nümunələr göstərilib. Eyni zamanda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.