Salyanın Qaraçala qəsəbəsində şəhid Kənan Həsənovun adına bulaq inşa olunub
Salyan, 1 aprel, İ.Cəfərli, AZƏRTAC
Vətən müharibəsində tarix yazan qəhrəmanların adının əbədiləşdirilməsi davam edir. Belə ki, Salyanın Qaraçala qəsəbəsində şəhid Kənan Həsənovun adına bulaq inşa olunub.
AZƏRTAC xəbər verir ki, bulağın açılış mərasimindən öncə şəhidin məzarı ziyarət olunub, üzərinə gül-çiçək dəstələri düzülüb, ruhuna dualar oxunub.
Bulağın açılış mərasimində rayon icra hakimiyyətinin rəhbərliyi, ziyalılar, şəhidin doğmaları, sakinlər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, şəhid Kənan Həsənov 1997-ci ildə dünyaya göz açıb. Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin mexanika mühəndisliyi ixtisasını bitirib, 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günlərindən döyüşə atılan Kənan qəhrəmanlıqları ilə yadda qalıb. O düşmənin bir neçə canlı qüvvəsini və hərbi texnikasını məhv edib. Talışkənd, Tapqaraqoyunlu, Hadrut, Suqovuşan istiqamətlərində döyüşüb. Oktyabrın 10-da Suqovuşan uğrunda gedən qanlı döyüşlərdə qəhrəmancasına şəhid olub.
Çıxışlardan sonra şəhidin adına inşa olunan bulaq açılıb, məktəblilər şəhidlərə həsr edilən şeirlər söyləyiblər.
Qeyd edək ki, bulağın tikildiyi küçə də şəhidin adını daşıyır.