ŞAMAXIDA SOSİAL-İQTİSADİ İNKİŞAF MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ FƏALLAR YIĞINCAĞI KEÇİRİLMİŞDİR
Yığıncağı giriş sözü ilə açmış Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Natiq Məmmədov müzakirəyə təqdim olunmuş məsələnin əhəmiyyəti barədə ətraflı məlumat vermişdir. Sonra görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə və məlumatlar dinlənilmişdir.
Yığıncaqda çıxış edənlər demişlər ki, son üç ayda Şamaxı şəhərinin abadlaşdırılması, rayonun sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində xeyli işlər görülmüşdür. Qısa vaxt ərzində Şamaxı şəhərində xalqımızın ümummilli lideri Heydər Əliyevin adını daşıyan park və bu parkda ulu rəhbərin xatirə guşəsi istifadəyə verilmişdir. Hazırda bütün şamaxılıların ziyarətgahına çevrilmiş bu guşədə dahi öndərimizin həyat və fəaliyyətini, onun keçən əsrin 70-80-ci illərində Şamaxı rayonuna tarixi səfərlərini əks etdirən fotoşəkillər və digər materiallar toplanmışdır. Bundan əlavə, 20 Yanvar bağında, bir çox küçələrdə əsaslı yenidənqurma işləri aparılmış, Şamaxı yanğın təhlükəsizliyi xidməti üçün yeni bina və “Şirvan” güləş zalı istifadəyə verilmişdir.
Rayonun sosial-iqtisadi inkişaf planına uyğun olaraq artıq Şamaxıda “Pirsaat-tikinti-təmir” MMC, “Şamaxı yağ-pendir” ASC bərpa olunmuş, “Şirvangöl”, “Aynur” şadlıq sarayları istifadəyə verilmiş, aqrar, sənaye, ticarət, nəqliyyat, iaşə və məişət xidməti sahələrində özəl qurumlar yaradılmışdır. Rayonda üzümçülüyün və şərabçılığın inkişafı və bərpası ilə əlaqədar ilk uğurlu addımlar da atılmışdır. Belə ki, 20 hektardan çox sahədə plantaj şumu aparılmışdır.
Tədbirdə, eyni zamanda, təhsil, səhiyyə, mədəniyyət, turizm və digər xidmət sahələrində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən də ətraflı bəhs olunmuşdur.
Yığıncaqda xüsusi olaraq vurğulanmışdır ki, həyata keçirilən tədbirlər nəticəsində 643 nəfərdən çox şamaxılı yeni iş yerləri ilə təmin edilmişdir.
Şamaxı rayon fəallarının yığıncağında Prezident Administrasiyasının məsul işçisi R.Ağayev iştirak və çıxış etmişdir.