Samir Şərifov: Pandemiyanın qlobal iqtisadiyyata mənfi təsiri ölkəmizin tədiyə balansının pisləşməsinə səbəb olub
Bakı, 4 avqust, Səadət Hakıyeva, AZƏRTAC
Koronavirus pandemiyası qlobal iqtisadiyyatda mənfi meyilləri artırıb. COVID-19 virusunun dünya və ölkə iqtisadiyyatlarına vurduğu ziyanın miqyası çox böyükdür. Pandemiyanın vurduğu zərərlərdən qaçmaq üçün dövlət büdcəsində dəyişikliklərin edilməsinə ehtiyac duyulur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Maliyyə naziri Samir Şərifov İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin avqustun 4-də keçirilən iclasında deyib.
Nazir bildirib ki, pandemiyanın qlobal iqtisadiyyata mənfi təsiri ölkəmizin tədiyə balansının pisləşməsinə səbəb olub. Bu il tətbiq olunan karantin rejimi ölkədə işgüzarlığın zəifləməsi ilə nəticələnib. Cari ilin ilk 6 ayında dövlət büdcəsinin icra göstəriciləri proqnozlaşdırılandan da yaxşı səviyyədə yerinə yetirilib.
“Qeyd olunmalıdır ki, birinci yarım ildə dövlət büdcəsinin icrası müsbət olsa da, makroiqtisadi göstəricilər ikinci yarım ildə maliyyə probleminin yaranacağını proqnozlaşdırmağa imkan verir. İqtisadiyyatın əksər sektorlarında azalmalar müşahidə olunmaqdadır. Buna görə də İqtisadiyyat Nazirliyi yeni şəraitdə proqnozlara yenidən baxıb. Neftin qiymətinə də yenidən baxılır”, - deyə Samir Şərifov vurğulayıb.