Samiyə Xamis: Azərbaycan əsgərləri erməni işğalçılara yaxşıca dərs verdilər
Qahirə, 7 aprel, AZƏRTAC
İordaniyada yaşayan gənc həmvətənimiz Samiyə Xamis AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib: “Son günlərdə qoşunların təmas xəttində Ermənistan tərəfindən törədilmiş təhrikçi hərəkətlər bizi qəzəbləndirib və hiddətləndirib. Bununla bərabər, biz Azərbaycan Ordusunun cəbhədə qazandığı uğurlara görə qürur duyur və ürəkdən sevinirik. Cəsur Azərbaycan əsgərləri erməni işğalçılara yaxşıca ibrət dərsi verdilər, göstərdilər ki, işğal edilmiş bütün ərazilərimizi geri qaytarmağa gücümüz və imkanımız var”.
Samiyə Xamisin sözlərinə görə, bizim gənclər öz tarixi vətənlərində baş verən hadisələrə görə dərin narahatlıq keçirirlər. O deyib: “Həm Azərbaycanda, həm də xaricdə yaşayan həmvətənlərimiz qoşunların təmas xəttində Ermənistan tərəfindən törədilmiş silahlı provokasiya nəticəsində yaranmış gərginlik, şəhərlərimizin və kəndlərimizin, yaşayış məntəqələrinin və dinc sakinlərin atəşə tutulması, itkilər və dağıntılar barədə məlumatları həyəcanla izləyirlər. Əlbəttə, itkilərimiz bizi kədərləndirir, lakin milli ordumuzun düşmənə çevik və layiqli cavab verməsi, uğurlu hərbi əməliyyatlar, habelə Azərbaycan Prezidenti İlham Əliyevin prinsipial və qətiyyətli mövqeyi hər birimizin qəlbində sevinc və qürur hissi oyadır. İnanırıq və şübhə etmirik ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş bütün əraziləri Ali Baş Komandan Prezident İlham Əliyev başda olmaqla ölkəmizin rəhbərliyinin müdrik və uzaqgörən siyasəti sayəsində yaxın vaxtda geri qaytarılacaq”.
S.Xamis sonda deyib: “Azərbaycanda yaranmış ab-havanı televiziya ilə müşahidə edəndə hamı aşkar görür ki, xalqın vətənpərvərlik əhval-ruhiyyəsi güclənib və işğal altında olan torpaqların azad edilməsi məsələsində xalq yekdildir. Bizi bir məsələ xüsusilə sevindirir ki, vətəndaşlarımızın, o cümlədən gənclərin çoxu könüllü olaraq cəbhəyə çağırılmalarını tələb edir. Mənim fikrimcə, ordumuzun uğurlu əks-hücumundan sonra heç kəs şübhə etmir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş bütün əraziləri azad olunacaq və Azərbaycan bayrağı Dağlıq Qarabağın mərkəzində dalğalanacaq”.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə