Samuxda yol hərəkəti qaydalarını pozanlar məsuliyyətə cəlb olunub
Samux, 4 aprel, Elcan Məmmədov, AZƏRTAC
Avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Samux RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları rayon ərazisində tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, növbəti belə tədbir zamanı sürücülük hüququ olmadan, alkoqollu içki və ya narkotik vasitə qəbul etmiş vəziyyətdə avtomobil idarə edən, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən olunaraq, barələrində müvafiq tədbirlər görülüb. Araşdırmalar zamanı 3 sürücünün sükan arxasına alkoqollu içki qəbul etmiş vəziyyətdə əyləşməsi aşkar edilib.
Bundan başqa, “VAZ 2107” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olan, Gəncə şəhər sakini Ə.Zeynalov yol hərəkəti qaydalarını pozduğu üçün saxlanılıb. Sürücünün narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən Ə.Zeynalovun narkotik vasitədən istifadə etdiyi məlum olub.
Qayda pozan sürücülər dərhal idarə etmədən kənarlaşdırılıb və barələrində qanunamüvafiq tədbir görülüb.