Sankt-Peterburqda İkinci Qarabağ müharibəsinin səbəb və nəticələrindən danışılıb
Sankt-Peterburq, 14 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov Rusiyanın Şimal paytaxtında akkreditə olunmuş diplomatik nümayəndəliklərin və bir sıra KİV-in rəhbərlərinə İkinci Qarabağ müharibəsi barədə ətraflı məlumat verib.
AZƏRTAC xəbər verir ki, baş konsul Sultan Qasımov Türkiyə Respublikasının baş konsulu Özgün Talu, Norveç Krallığının baş konsulu Riçard Nyuqor Skarboron, İsveç Krallığının baş konsulu Yan Lundin, Koreya Respublikasının Sankt-Peterburqdakı baş konsulu Byun Çol Xvan, “Komsomolskaya pravda” (Sankt-Peterburq) nəşrinin baş redaktoru İrina Jeqlova və “Rocciyskaya qazeta” resursunun direktoru Anjelika Qurskaya ilə görüşlər keçirərək Qarabağ münaqişəsi və İkinci Qarabağ müharibəsi barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, 44 gün ərzində davam edən Vətən müharibəsinin nəticəsində Azərbaycan BMT və digər beynəlxalq təşkilatlar tərəfindən tanınan sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa edib. Mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə düşmən qüvvələrinə qarşı cavab tədbirlərinin görüldüyü, uğurlu əks-hücum əməliyyatlarının həyata keçirildiyi, 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın düşmən tapdağı altında qalan ərazilərimizin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə azad olunduğu xüsusi vurğulanıb.
Sultan Qasımov Baş Konsulluqda yaradılmış guşə ilə qonaqları tanış edib.
Görüşlər zamanı, ölkələr arasında ikitərəfli münasibətlər müzakirə olunub, qarşılıqlı maraq doğuran müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq