“Saturn” qazma qurğusu ASCO gəmilərinin müşayiəti ilə Türkmənistana qaytarılıb
Bakı, 26 may, AZƏRTAC
Ötən ilin may ayında Türkmənistandan Azərbaycana gətirilmiş “Saturn” neft qazma qurğusu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərinin müşayiəti ilə Xəzər dənizinin Türkmənistan sektoruna aparılıb.
ASCO-dan AZƏRTAC-a bildirilib ki, qurğu Şıx limanından “Hövsan”, “Hövsan 2” və “SOCAR 1” gəmilərinin dəstəyi ilə çıxarılıb, daha sonra “Andoqa”, “Şüvəlan” və “Mərdəkan” gəmiləri ilə yedəklənib. Üç gün davam edən bu mürəkkəb əməliyyat təhlükəsiz şəkildə başa çatıb.
Qeyd edək ki, ASCO gəmiləri Türkmənistandan geriyə qayıdarkən “Neptun” qazma qurğusunu ölkəmizə çatdıracaqlar. Artıq qurğunun yedəklənməsi üçün hazırlıq prosesinə başlanılıb.