SƏBAİL RAYONUNDA “FUTBOL OYNAYAQ – SAĞLAMLIĞI QORUYAQ” DEVİZİ ALTINDA TƏDBİRLƏRƏ BAŞLANILMIŞDIR
Bakı, 14 aprel (AZƏRTAC). Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) respublikada futbolun təbliği və inkişafı istiqamətində apardığı işlər çərçivəsində Bakı şəhərinin orta məktəblərində “Futbol oynayaq - sağlamlığı qoruyaq” devizi altında seminarların keçirilməsinə başlanılmışdır.
İlk tədbir Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 20-ci yaşayış sahəsindəki 51 nömrəli orta məktəbin yeni təhsil korpusunda keçirilmişdir. Məktəblilərlə görüşə AFFA-nın nümayəndələri - Asim Xudiyev və Rüstəm Rəhimov, yeni yaradılmış Futbol Akademiyasının rəhbəri Elnur Məmmədov gəlmişlər.
Uşaqlar qarşısında çıxış edən beynəlxalq dərəcəli hakim Asim Xudiyev və veteran futbolçu Rüstəm Rəhimov futbolun yaranması, Azərbaycanda futbolun tarixi və inkişafı mərhələri, məhşur futbolçular barədə məlumat vermişlər. Futbolumuzun daha da inkişaf etdirilməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə AFFA tərəfindən görülən işlərdən danışılmış, son bir neçə ildə respublikada yaradılmış olimpiya mərkəzləri, futbol və s. idman meydançaları barədə məlumat verilmişdir.
AFFA-nın Futbol Akademiyasının rəhbəri Elnur Məmmədov şagirdlərə akademiyanın yaradılmasının məqsədi, peşəkar futbolçuların yetişdirilməsi üçün nəzərdə tutulan və həyata keçirilən işlər barədə danışmışdır. Bildirmişdir ki, belə görüşlərin Səbail rayonunun digər məktəblərində də keçirilməsi nəzərdə tutulmuşdur.
######
