Şəbnəm Hüseyn: Azərbaycan öz zəngin mədəniyyətini dünyaya tanıdır
Antalya, 5 noyabr, Gülay Nəzərova, AZƏRTAC
Azərbaycan və Türkiyə xalqları tarix, dil, din və mədəni kökləri baxımından bir-birinə çox yaxındır. “Bir millət, iki dövlət” prinsipi bu qardaşlığın əsas ideoloji dayağı kimi hər iki ölkənin ictimai-siyasi və mədəni həyatında xüsusi yer tutur. Bu yaxınlıq mədəniyyət sahəsində də özünü aydın şəkildə göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında Norveç musiqiçilər birliyinin üzvü, kamança və vokal ifaçı Şəbnəm Hüseyn söyləyib.
O, son illərdə Azərbaycan ilə Türkiyə arasında mədəni əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu deyib: "Hər iki ölkədə keçirilən festivallar, musiqi layihələri, kino və teatr mübadilələri, həmçinin ortaq sərgilər xalqların bir-birini daha yaxından tanımasına xidmət edir. Bu əməkdaşlıq sadəcə mədəniyyət sahəsində deyil, həm də xalqların mənəvi birliyinin göstəricisidir. Məhz bu baxımdan Azərbaycan Mədəniyyəti Elçilərinin I Forumu mühüm hadisə kimi dəyərləndirilir. Forum çərçivəsində mədəniyyət elçiləri arasında fikir mübadiləsi aparıldı, ortaq layihələr müzakirə olundu və gələcək əməkdaşlıq istiqamətləri müəyyənləşdirildi. Bu cür forumlar vasitəsilə Azərbaycan öz zəngin mədəniyyətini dünyaya tanıdır, eyni zamanda, Türk dünyasının mədəni birliyinə töhfə verir".