SİYASƏT
Seçki prosesində qadınların da fəallığı müşahidə olunur
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycanda demokratik seçki mühiti mövcuddur. Seçki prosesində qadınların da fəallığı müşahidə olunur. Bu da olduqca vacib amildir. İnanıram ki, yeni formalaşacaq parlamentdə qadın deputatların sayında artım olacaq.
AZƏRTAC xəbər verir ki, bunu Secki-2020.az saytına açıqlamasında “Hüquqşünas Qadınlar Assosiasiyasi” İctimai Birliyinin sədri Xanım Əhmədzadə deyib.
Seçki hüququnun vətəndaşların mühüm konstitusion hüquqlarından biri olduğunu vurğulayan birlik sədri qeyd edib ki, ölkəmizin ictimai-siyasi həyatında mühüm rola malik parlament seçkiləri ərəfəsində əlverişli seçki mühiti mövcuddur. “Ümidvaram ki, seçki hüququ olan hər bir vətəndaş seçkilərdə fəal iştirak edərək öz iradəsini azad və demokratik şəraitdə ifadə edəcək”, - deyə o əlavə edib.
X.Əhmədzadə Azərbaycanda qadınların hüquqlarının müdafiəsi sahəsində mühüm addımların atıldığını da bildirib.