SEÇKİLƏR DEMOKRATİK KEÇİB, SADƏCƏ OLARAQ, MƏĞLUBLAR QALİBLƏRİ TƏBRİK ETMƏK ÜÇÜN ÖZLƏRİNDƏ CƏSARƏT TAPMALIDIRLAR
Əvvəlcə, 60 saylı Salyan-Neftçala seçki dairəsində qalib gəlmiş Fəzail Ağamalı çıxış edərək demişdir ki, 6 noyabr seçkiləri tam demokratik və şəffaf keçmişdir. Bütün namizədlər üçün lazımi şərait yaradılmışdı və kiminsə hüquqlarının pozulduğunu iddia etmək haqsızlıq olardı. Radikal müxalifət məğlubiyyətinin səbəbini seçki taktikasını düzgün müəyyənləşdirməməkdə axtarmalıdır.
Bilavasitə mübarizənin gedişinə toxunan natiq bildirmişdir ki, seçkilər gərgin və ciddi oldu, mən 31 seçki məntəqəsinin 9-da məğlub olsam da, ümumiyyətlə, 54,56 faiz səs toplayıb qalib gəldim.
Anar Məmmədxanlı (32 saylı Suraxanı üçüncü seçki dairəsi) ABŞ-ın “PA. Consulting” şirkətinin keçirdiyi “exit-poll”a toxunmuş və okeanın o tayından gələnlərin peşəkar olduğunu etiraf etməklə bərabər, iradlarını da bildirmişdir. Onun sözlərinə görə, sorğu aparanlar seçki məntəqəsindən 10-15 metr aralı olmaq tələbini pozmuşdular. İkincisi, bəzən müxalifətçilər öz adamlarının fikrinin öyrənilməsinə nail olurdular. Üçüncüsü, sosiologiya belə hallarda 3 faiz səhv ehtimalını əsas götürür, bu dairədə isə həmin rəqəm 22 faizə qalxmışdı. Bu, inandırıcı deyil və məntiqəziddir.
Sabir Rüstəmxanlı (72 saylı Yardımlı-Masallı seçki dairəsi) demişdir ki, bu gün seçilən və seçilməyən qruplar cəmiyyətdə fərqli çıxışlar edirlər. Mən buna təbii baxıram. Onu da nəzərə alıram ki, namizədlər çox idi və uduzanların sayı istər-istəməz çox olmalıdır.
Natiq vurğulamışdır ki, radikallığın əleyhinədir, çünki bir tərəfin radikallığı istər-istəməz digər tərəfin radikallığına səbəb olur. Arada isə xalq ziyan çəkir.
Seçkilərə hazırlıq mərhələsi beynəlxalq standartlara və normalara tam uyğun keçib. Müxtəlif ölkələrdən kifayət qədər müşahidəçinin dəvət olunması da bunu deməyə əsas verir. Bir sıra siyasi qüvvələrin nəticələri gözləmədən bəyanat verməsini pisləyirəm. Beynəlxalq müşahidəçilərin iradlarına isə cavabım belədir ki, Azərbaycan 10 ildə Avropanın 200 illik yolunu keçə bilməz. Təəssüf ki, Avropa bizim ən böyük problemimizin - Qarabağ münaqişəsinin həlli yollarını axtarmağı bir kənara qoyub elə hey “seçkilər” deyir.
Sabir Rüstəmxanlı mətbuata da iradlarını bildirərək demişdir ki, bütün müsbət halları görməməzliyə vurub, ancaq mənfi faktları qabartmaq bağışlanılmazdır. Bu qədər xaricipərəstlik olmaz. “Böyük qardaş” axtarışından əl çəkmək lazımdır, bu psixologiyadan uzaqlaşmalıyıq. İstəyimiz baş tutmayıb deyə Azərbaycanın mənafeyini, milli maraqları satmaq olmaz.
Rafail Hüseynov (58 saylı Hacıqabul-Kürdəmir seçki dairəsi), Aqil Abbas (83 saylı Ağdam-Ağcabədi seçki dairəsi), Lalə Abbasova (55 saylı Xaçmaz şəhər seçki dairəsi) da seçkilərin demokratik və şəffaf keçirildiyini, əvvəlkilərlə müqayisədə irəliyə doğru addım olduğunu bildirmişlər.
Rafail Hüseynov qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərə münasibətinin demokratik bir insanın münasibəti olduğunu bütün dünya gördü. İmzaladığı sərəncamlar onun dünya standartlarına uyğun seçkilər keçirilməsinə tərəfdar olduğunu açıq-aydın göstərdi. Ancaq təbii ki, uduzanlar çoxdur və onların narazılığını başa düşməliyik. Məğlub olanın, kənarda qalanın narazılıq etməsi təbiidir. Buna baxmayaraq, Azərbaycan uddu - seçkilər şəffaf və demokratik keçdi. Pozuntu və qüsurlara yol verənlər, saxtakarlıq edənlər dövlət tərəfindən cəzalandırıldı.
Yaxından tanıdığı bəzi beynəlxalq müşahidəçilərin mövqeyindən təəccübləndiyini diqqətə çatdıran R.Hüseynov, onların bir çoxunun çılğınlıqla bəyanat verməsini pisləmişdir: “Bu adamlar qarışıq, sabitliyi olmayan Azərbaycan istəyənlərdir. Azərbaycanı bəd hücumlardan qorumalıyıq. Məğlub tərəf qalibi təbrik etməyə özündə cəsarət tapmalıdır”.
Jurnalistləri maraqlandıran suallara cavab verilmişdir.