SEÇKİLƏRİ BEYNƏLXALQ MÜŞAHİDƏ MİSSİYASI MÜŞAHİDƏ APARILAN SEÇKİ MƏNTƏQƏLƏRİNDƏN 87 FAİZİNDƏ SƏSVERMƏNİ MÜSBƏT QİYMƏTLƏNDİRMİŞDİR
Mətbuat konfransında bildirilmişdir ki, ilkin faktlar və nəticələr haqqında verilən bəyanat seçki prosesinin başa çatmasından əvvəl, yəni hesablanma və son nəticələrin elan olunması, şikayətlərə və müraciətlərə baxılmasının qanunla müəyyən edilmiş son tarixi, seçilmiş şəxslərin öz vəzifələrinin icrasına başlamasından əvvəl açıqlanır. Seçkinin yekun qiymətləndirilməsi qismən prosesin məhz bu mərhələlərinin gedişindən asılı olacaqdır. Seçkiləri beynəlxalq Müşahidə Missiyası Azərbaycanda qalaraq, müşahidələrini aparmaqda davam edəcək, yekun hesabatını, təxminən qarşıdakı aylarda açıqlayacaqdır. SBMM-də təmsil olunan təsisatların seçkilərin ATƏT-in öhdəlikləri və seçkilərin demokratik keçirilməsi üzrə digər beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində Azərbaycanın rəsmi dairələri ilə əməkdaşlığa hazır olduğu vurğulanmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci il mayın 11-də imzaladığı “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” və oktyabrın 25-də imzaladığı “Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncamlarını seçki prosesinin təkmilləşdirilməsi üçün siyasi iradənin ifadəsi kimi qiymətləndirən Missiya dövlət tərəfindən maliyyələşdirilən televiziya kanallarında namizədlərə pulsuz efir vaxtının verilməsini, debatların təşkilini, namizədlərin seçiciləri ilə görüşlərinə imkan yaradılmasını, Seçki Məcəlləsinə edilən dəyişiklikləri, təkrar səsvermələrin qarşısını almaq məqsədi ilə seçicilərin barmaqlarının görünməyən mürəkkəblə işarələnməsini, MSK-nın çoxsaylı təlimatlar hazırlamasını, KİV vasitəsilə seçicilərin maarifləndirilməsi üçün geniş kampaniya aparmasını, bir sıra seçki komissiyalarının şəffaf və kollegial fəaliyyət göstərməsini, seçicilərin əksəriyyətinə şəxsiyyət vəsiqəsinin verilməsini, Konstitusiya Məhkəməsinin qeydiyyatı haqsız olaraq rədd edilən şəxsin namizədliyini bərpa etməsini, büdcəsinin 30 faizindən çoxu xaricdən maliyyələşdirilən QHT-lərin seçkilərdə müşahidəçi qismində iştirakına qoyulan qadağanın aradan qaldırılmasını, yerli müşahidəçilərin heç bir maneə ilə qarşılaşmadan fərdi qaydada qeydiyyatdan keçməsini və digər məqamları müsbət dəyərləndirmişdir.
Müşahidə missiyasının bəyanatında yerli icra orqanlarının seçki prosesinə müdaxilə etməsi, bəzi hallarda müxalifətin mitinqlər keçirmək cəhdlərinə məhdudiyyətlər qoyulması, polisin qeyri-adekvat gücdən istifadə etməsi, seçici vəsiqələrindən istifadə edilməsində, siyahıların hazırlanmasında, şikayətlərə baxılmasında və sair kimi məsələlərdə qanunun tələblərinə lazımınca əməl edilməməsi, KİV-lə əlaqə, şikayət və müraciətlərə baxılması və s. kimi nöqsanlar da öz əksini tapmışdır.
Missiyanın təmsilçiləri jurnalistləri maraqlandıran suallara da cavab vermişlər.