Səfər Qaraqoyunlu: Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində düşmənə lazımi cavab verildi
İstanbul, 15 sentyabr, AZƏRTAC
Ermənilər tərəfindən 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş qanlı hadisə tarixi mənbələrdə də öz əksini tapmış soyqırımı aktıdır. Bu faciənin dəhşəti hər cür sübutlarla göz önündədir. Bunu törədənlər tarix və insanlıq qarşısında cavab verməlidirlər. Mart soyqırımı zamanı üç gün ərzində yalnız Bakıda 30 min günahsız insan vəhşicəsinə qətlə yetirilib. Bakı ilə yanaşı, Azərbaycanın Şamaxı, Quba və digər regionlarında da törədilmiş qətliamlar zamanı 120 minə yaxın, bəzi mənbələrə görə isə daha çox insan öldürülüb. Bu qanlı hadisələr zamanı 162 kənd yandırılıb, 27 kənd isə tamamilə məhv edilib. On minlərlə insan doğma yurd-yuvalarından didərgin salınıb. Bu vəhşiliklərin qarşısı Nuru paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusunun Azərbaycana daxil olması və xalqın dəstəyi ilə alınıb. Həmin hadisələr zamanı qəhrəmancasına şəhid olmuş əsgərlərimizin xatirəsi bu gün də Azərbaycanın hər bir bölgəsində yad edilir, müxtəlif abidələrlə yaşadılır”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu deyib.
Ümumiyyətlə, XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törədilən bütün faciələrin Azərbaycan torpaqlarının zəbti, etnik təmizləmə və zorakılıqla müşayiət olunduğunu xatırladan S.Qaraqoyunlu Azərbaycanın 44 gün davam edən və dünya hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində düşmənə lazımi cavabın verildiyini bildirib: “Ermənilərin azərbaycanlılara qarşı düşünülmüş və planlı şəkildə apardığı işğalçılıq siyasəti Azərbaycan Prezidenti İlham Əliyevin komandanlığı ilə həyata keçirilən Vətən müharibəsi zamanı darmadağın edildi. Azərbaycan Ordusunun gücü qarşısında tab gətirə bilməyən ermənilər bir çox yalan və provokasiyaya əl atsalar da sonunda həqiqətlə üzləşməli oldular. Tarix boyu baş verən bütün çətinliklərdə olduğu kimi, bu müharibədə də Türkiyə daima Azərbaycanın yanında oldu. Qələbə sevincini bizə yaşadan hər bir kəsə minnətdarıq. Yaşasın Azərbaycan! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Yaşasın Azərbaycan Ordusu!”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul