Səfir: Azərbaycan su idarəçiliyi sahəsində yeni mərhələyə daxil olub
Bakı, 26 sentyabr, AZƏRTAC
Azərbaycanın noyabrda ev sahibliyi edəcəyi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı su da mühüm mövzu olacaq. Xatırlatmaq istəyirəm ki, bu çərçivədə iyul ayında Niderlandın su elçisi Azərbaycana səfər edib.
AZƏRTAC xəbər verir ki, bunu Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizema Xəzər Su İnnovasiya Forumunda çıxışı zamanı deyib.
Səfir bildirib ki, Azərbaycan heyrətamiz təbii gözəlliklərə, zəngin təbii sərvətlərə, mədəniyyətə malik ölkədir.
“Bir çox başqa ölkələr kimi Azərbaycan da su ehtiyatlarının idarə olunmasında ciddi problemlərlə üzləşir. Suyun idarə edilməsində çoxəsrlik təcrübəsi olan Niderland da oxşar problemlərlə üzləşib. Ölkəmiz sudan istifadə edərək su idarəçiliyini inkişaf etdirməyi də öyrənib. Niderlandın su idarəçiliyi sahəsində olan böyük təcrübəsi bütün dünyada tanınır. Bu, tarix və nəsillər boyu qurulmuş, zəngin biliyə əsaslanan təcrübədir. Azərbaycan su idarəçiliyi sahəsində yeni mərhələyə daxil olub”, - deyə Pauline Eizema bildirib
Tədbirdə Niderland şirkətlərinin də iştirak etdiyini deyən səfir onların öz təcrübəsini Azərbaycanla bölüşməyə hazır olduğunu bildirib: “Bu şirkətlər su idarəçiliyi sahəsində innovativ həllər təqdim edirlər. Bu gün forum çərçivəsində panellərdən biri Niderland təcrübəsinə həsr olunacaq”.