SİYASƏT
Səfir: Azərbaycanla İtaliyanın qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlıq münasibətləri var
Roma, 15 oktyabr, AZƏRTAC
Azərbaycan ilə İtaliya arasında qarşılıqlı etimada və xoş ənənələrə əsaslanan strateji tərəfdaşlıq münasibətləri mövcuddur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov bu ölkənin “Formiche” xəbər portalına müsahibəsində deyib.
Səfir hər iki ölkənin hökumət və parlament üzvlərinin yüksək səviyyəli səfərlərinin müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafına böyük töhfə verdiyini qeyd edib.
“İtaliya Azərbaycanın, Azərbaycan isə Cənubi Qafqaz regionunda İtaliyanın əsas ticarət tərəfdaşıdır. TAP layihəsi təkcə Cənub Qaz Dəhlizinin seqmentlərindən biri deyil, həm də ölkələrimiz arasındakı möhkəm dostluğun və qarşılıqlı etimadın uğur hekayəsidir. Azərbaycan-İtaliya əməkdaşlığı təkcə enerji sektoru ilə məhdudlaşmır. İtaliya şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələrinə cəlb olunub. Qarşılıqlı investisiyalar və Azərbaycanın Mərkəzi Asiya istiqamətində “Made in Italy” xidmət və məhsulları üçün təklif etdiyi logistik imkanlar iki ölkə arasında qarşılıqlı maraqlara əsaslanan güclü iqtisadi əlaqələrin mövcudluğunu nümayiş etdirir”, - deyə diplomat bildirib.
Yazıda rəsmi Roma ilə Bakı arasındakı münasibətlərə, o cümlədən enerji, siyasi və mədəniyyət sahələrində möhkəm tərəfdaşlıq əlaqələrinə, eləcə də strateji məkanda İtaliya üçün açılan imkanlara nəzər salınır. Diqqətə çatdırılır ki, enerji böhranı fonunda Avropanın, eləcə də İtaliyanın maraqlarına xidmət edən TAP boru kəməri bu ölkənin təbii qaza olan tələbatının 15 faizini ödəyir. “Ansaldo Energia” şirkəti ilə “AzərEnerji” arasında imzalanan və dəyəri 160 milyon avro olan müqavilə çərçivəsində İtaliya şirkəti Azərbaycanda yeni elektrik stansiyasını 4 qaz turbini ilə təchiz edəcək. Azərbaycanla tərəfdaşlıq əlaqələri enerji sahəsi ilə yanaşı, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Qarabağ bölgəsinin yenidən qurulması prosesində İtaliya şirkətlərinin iştirakı ilə yeni mərhələyə qədəm qoyub.
Müsahibədə, eyni zamanda, İtaliyanın 5 nüfuzlu universiteti ilə ADA Universitetinin əməkdaşlığı nəticəsində yaranan İtaliya-Azərbaycan Universitetinin əhəmiyyəti qeyd olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma