Səfir Elman Zeynalov: Məhəbbət və mədəniyyət xalqlar arasında münasibətlərin əsası olmalıdır
Riqa, 7 may (AZƏRTAC). Latviyada rus dilində çıxan “Ças” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Elman Zeynalovla “Təkcə neft deyil, həm də məhəbbət və mədəniyyət” sərlövhəli müsahibə yer almışdır. Qeyd edək ki, səfir Elman Zeynalov vəzifələrinin icrasına yarım ildən bir qədər az əvvəl başlasa da, bu qısa müddət ərzində iki ölkə arasında bir çox mühüm hadisələr baş vermişdir.
E.Zeynalov müsahibəsində bildirmişdir ki, Azərbaycan üçün Latviya ilə münasibətlərin inkişafı, o cümlədən, Avropa İttifaqı ilə əlaqələrin inkişafı deməkdir. Avropa İttifaqı ilə əməkdaşlıq isə Azərbaycan dövlətinin xarici siyasətinin əsas istiqamətidir. Diplomat demişdir: “Azərbaycan neft hasil edən ölkə kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir. Biz öz resurslarından heç vaxt başqa məqsədlər naminə istifadə etməyən etibarlı tərəfdaşıq (tərəfdaşlarımız bizi belə adlandırır)”.
Azərbaycanın Latviyaya marağından söz açan səfir qeyd etmişdir ki, hazırda bu maraq fəal surətdə formalaşdırılır. Latviyaya verilən vizaların sayı son iki ayda iki dəfə artmışdır, məmurların səfərləri daha intensiv olmuşdur. Səfir demişdir: “Mayın ortalarında hökumətlərarası komissiyanın iclası keçiriləcəkdir. Ümidvarıq ki, onun işinə yeni təkan verəcəyik”.
Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Zeynalov bildirmişdir ki, Azərbaycan münaqişənin tezliklə həll olunmasında maraqlıdır.
E.Zeynalov Azərbaycanda rus dilinin vəziyyəti barədə söz açaraq demişdir ki, rus dilinin Azərbaycanda rəsmi statusu yoxdur, lakin ona böyük hörmətlə yanaşırlar. Bakı həmişə çoxmillətli şəhər olmuş və bundan sonra da belə olacaqdır. Onun sakinləri bütün dillərə və dinlərə olduğu kimi onların daşıyıcılarına da tolerant münasibət nümunəsi göstərirlər. Azərbaycanda rus dilində qəzetlər çıxır. İki il əvvəl Moskva Dövlət Universitetinin Bakı filialının açılışı hadisəyə çevrilmişdir.
Diplomat “Azərbaycan Latviyadakı həmvətənləri ilə münasibətlərini necə qurur” sualına cavabında demişdir ki, bir çox layiqli insanları birləşdirən iki Azərbaycan cəmiyyəti vardır. Onlar, ilk növbədə, mədəni əməkdaşlığa töhfə vermək istəyirlər. Ümidvaram ki, mədəniyyətimizlə tanış olmaları üçün Latviya sakinlərinin getdikcə daha çox imkanı olacaqdır. Mayın 6-da Riqada Parisdə yaşayan qeyri-adi pianoçu Renara Axundova konsert vermişdir. Mayın 28-də Respublika Günü münasibətilə Azərbaycanın etnomusiqi meqaulduzu “Muğam” kollektivi Latviya Milli Simfonik Orkestri ilə birlikdə çıxış edəcəkdir.
Elman Zeynalov demişdir: “Mədəniyyət dialoqu yenicə başlanır. Xalqlar arasında münasibətlərin əsasını neft və qazdan çox məhəbbət və mədəniyyət təşkil etməlidir”.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa