SİYASƏT
Səfir: Pakistan Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəkləyir
![Səfir: Pakistan Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəkləyir](/files/2014/2/1200x630/14087125482363740729_1200x630.jpg)
Bakı, 7 avqust (AZƏRTAC). Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzində (BMAM) Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Xalid Usman Qayser ilə görüş keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, görüşdə BMAM sədri Rufiz Qonaqov hər iki ölkənin vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın vacibliyini, Pakistanın Azərbaycana dost və qardaş ölkə olduğunu vurğulayaraq Azərbaycanda vətəndaş cəmiyyətinin gündən-günə inkişaf etməsindən, dövlətin bu sahəyə və beynəlxalq QHT-lərə verdiyi dəstəkdən danışıb.
Rufiz Qonaqov bildirib ki, dövlət başçısının müvafiq sərəncamları ilə yaranmış Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və Prezident Yanında Gənclər Fondu tərəfindən hər il yüzlərlə QHT maliyyə dəstəyi alır. Məhz dövlətin dəstəyi sayəsində QHT-lər öz fəaliyyətlərini daha da genişləndirir. Eyni zamanda R.Qonaqov Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gedən prosesi, son günlər cəbhə xəttində erməni silahlı qüvvələrinin Azərbaycana qarşı həmlələrini, bu münaqişənin tezliklə ədalətli formada həll edilməsinin vacibliyini vurğulayıb və Qafqaz regionunda stabilliyin bərqərar edilməsi zəruriliyini səfirin diqqətinə çatdırıb.
Pakistan səfiri Xalid Usman Qayser bildirib ki, belə görüşlər ölkələrin vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın daha da gücləndirilməsinə kömək edir.
Diplomat BMAM-ın belə təşəbbüslərini alqışlayıb və əməkdaşlıq üçün rəhbərlik etdiyi səfirlik tərəfindən hərtərəfli dəstək veriləcəyini qeyd edib. Eyni zamanda səfir Azərbaycan-Pakistan arasındakı mövcud əlaqələrin inkişafından danışan səfir ölkəsinin Azərbaycanın müstəqilliyini tanıyan ilk üç dövlətdən biri olduğunu qeyd edib.
O, Dağlıq Qarabağ münaqişəsində hər zaman Azərbaycanı dəstəklədiyini və dünyada Ermənistanı tanımayan yeganə dövlətin Pakistan olduğunu vurğulayıb.