Səfir Rövşən Cəmşidov: Azərbaycan-Avstraliya münasibətləri yüksəliş dövrünü yaşayır
Kanberra, 7 iyun, AZƏRTAC.
Azərbaycanın Avstraliyadakı səfiri Rövşən Cəmşidov AZƏRTAC-ın bu ölkə üzrə xüsusi müxbirinə məxsusi müsahibə verib.
- Cənab səfir, artıq üçüncü ildir ki, Avstraliyada ölkəmizin səfirliyi fəaliyyət göstərir. Azərbaycan ilə Avstraliya arasında əlaqələri necə səciyyələndirərdiniz?
- Avstraliya İttifaqı Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb. Prezident İlham Əliyevin 2013-cü il 16 yanvar tarixli Sərəncamı ilə mən Azərbaycan Respublikasının Avstraliya İttifaqında səfiri təyin edilmişəm. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən xarici siyasətimizin uğurları bu gün göz qabağındadır. Bu siyasi kursun çoxşaxəli olmaqla yanaşı, coğrafi baxımdan genişmiqyaslı olması da bu uğurları təmin edən əsas amillərdən biridir. Kanberrada Azərbaycan səfirliyinin açılması bu uzaq ölkə ilə münasibətlərin daha da inkişaf etdirilməsinə təkan verib. İlk növbədə, siyasi münasibətlərimiz xeyli fəallaşıb, yüksək səviyyəli səfərlərin həyata keçirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, humanitar, təhsil və turizm sahələrində əməkdaşlığın reallaşdırılması üçün addımlar atılıb.
İkitərəfli münasibətlərin genişləndirilməsində parlament diplomatiyası da mühüm rol oynayır. 2015-ci ildə Avstraliyanın federal parlamentində Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupu yaradılıb ki, bu da eyni zamanda, Avstraliya tərəfinin ölkəmizlə münasibətlərin inkişafına göstərdiyi diqqətin nəticəsidir.
Avstraliyanın Azərbaycan ilə ticarət əlaqələrinin genişləndirilməsi, sərmayələrin və qabaqcıl texnologiyaların ölkəmizə cəlb olunması, işgüzar dairələr arasında təmasların yaradılması səfirliyin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edir. Azərbaycanın qədim və zəngin mədəni irsinin Avstraliyada tanıdılması məqsədilə burada təşkil olunan festivallarda fəal iştirak edirik. Elm və təhsil sahəsində əməkdaşlığın yaradılması məqsədilə Avstraliyanın aparıcı ali təhsil ocaqları ilə daimi təmaslar yaradılıb. Ümumilikdə, Azərbaycan və Avstraliya münasibətləri bu gün özünün yüksəliş dövrünü yaşayır və bu əlaqələrin gələcək inkişafı üçün real imkanlar var.
- Cənab səfir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın mövqeyi ilə bağlı Avstraliya ictimaiyyəti nə qədər məlumatlıdır?
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Azərbaycanın xarici siyasətində əsas prioritet məsələdir. Münaqişə ilə bağlı həqiqətlərin, ölkəmizin beynəlxalq hüquqa əsaslanan mövqeyinin Avstraliya ictimaiyyətinə çatdırılması məqsədilə səfirlik davamlı fəaliyyət göstərir. Müxtəlif səviyyəli tədbirlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı avstraliyalılara dolğun məlumatlar verilir. Avstraliya Hökumətinin münaqişə ilə bağlı mövqeyi aydın və birmənalıdır. Avstraliya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır.
Səfirliyin və dostluq qruplarının bu istiqamətdə gördüyü işlərin nəticəsi olaraq, Avstraliyanın federal parlamentinin 2015-ci il 30 noyabr tarixli iclasında Avstraliyanın xarici işlər naziri xanım Culi Bişop bəyanat səsləndirib. Bəyanatda Dağlıq Qarabağ məsələsində Avstraliya Hökumətinin Azərbaycanın suverenliyini tanıdığı, Dağlıq Qarabağı müstəqil qurum kimi tanımadığı, münaqişəni həlli məqsədilə Minsk qrupunun səylərini dəstəklədiyi qeyd edilib. Ermənistan və Azərbaycan məsələni sülh yolu ilə həll etməyə, münaqişəyə və Dağlıq Qarabağ bölgəsinin işğalına son qoymağa çağırılıb. Faktiki olaraq, Ermənistanın işğalçı adlandırılması son dərəcədə təqdirəlayiq bir siyasi mövqedir.
- Avstraliyada yaşayan Azərbaycan icması ölkəmizlə bağlı məsələlərdə fəaldırmı?
- Avstraliyada yaşayan azərbaycanlıların ölkəmizin tanıdılması istiqamətində fəaliyyətini uğurlu hesab etmək olar. Son üç ildə səfirliyin təşəbbüsü və dəstəyi ilə Kanberra, Sidney, Melburn və Pert şəhərlərində dörd diaspor təşkilatı qeydə alınıb. Həmvətənlərimiz Azərbaycanın təbliği, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin Avstraliya ictimaiyyətinə çatdırılması istiqamətində fəal mövqe nümayiş etdirirlər.
- Bəs avstraliyalı turistlərin Azərbaycana cəlb edilməsi işi hansı səviyyədədir?
- İki ölkə arasında turizm sahəsində əlaqələr inkişaf etməkdədir və bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensial mövcuddur. “Eurovision” mahnı müsabiqəsi, “Bakı-2015” ilk Avropa Oyunları, qaşıdan gələn “Formula-1” Avropa Qran-pri yarışları sayəsində bu gün Avstraliyada Azərbaycanı tanıyanların sayı həddindən artıq çoxalıb. Səfirlik Azərbaycanın Avstraliyada daha geniş tanıdılması istiqamətində işini bundan sonra da davam etdirəcək.
-Maraqlı müsahibəyə görə minnətdarlığımızı bildiririk.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra