Səfir: Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə Azərbaycan ilə əməkdaşlıq Belarus üçün əhəmiyyətlidir
Bakı, 24 iyun, AZƏRTAC
Azərbaycan Avrasiyanın aparıcı nəqliyyat və logistika mərkəzinə çevrilib. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı regional əməkdaşlıq üçün böyük perspektivlər açır.
Bu sözləri AZƏRTAC-a Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç “Azərbaycan Avrasiya Logistika Mərkəzi kimi: AİB və Cənubi Qafqazın maraqlarının uzlaşdırılması" mövzusunda keçirilən beynəlxalq dəyirmi masa çərçivəsində açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, Belarus üçün Azərbaycan ilə nəqliyyat və tranzit sahəsində, xüsusilə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə əməkdaşlıq əhəmiyyətlidir.
“İran istiqaməti əməkdaşlıq üçün əlverişlidir. Dəmir yolu infrastrukturunun inkişafı və birgə istehsalat layihələri hər 2 ölkə üçün yeni imkanlar yaradır. Belarus-Azərbaycan-İran və Rusiyanı Türkiyə ilə birləşdirən nəqliyyat əlaqələri böyük iqtisadi layihələrin həyata keçirilməsi üçün əsas yaradır. Nəqliyyat və kommunikasiya əlaqələrinin möhkəmlənməsi Avrasiya məkanında iqtisadi inteqrasiyanı daha da artıracaq”, -deyə səfir vurğulayıb.