SİYASƏT
Səhər saatlarında aksiya ərazisindən Laçın istiqamətinə gedən BQXK-yə məxsus avtomobillər geri qayıdıb
Şuşa, 18 yanvar, Ceyhun Alışlı, AZƏRTAC
Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus beşi minik, biri isə yük avtomobili olmaqla altı avtomobil geri qayıdıb. BQXK-yə məxsus avtomobillərin içərisində erməni əsilli şəxslər olub.
Aksiya ərazisindən maneəsiz keçid bir daha göstərir ki, Ermənistanın blokada ilə bağlı səsləndirdiyi iddialar saxtadır. Laçın Xankəndi yolu bütün humanitar məqsədli maşınlar və mülki şəxslər üçün açıqdır.
Qeyd edək ki, Qarabağda ekoloji istismara qarşı ötən il dekabr ayının 12-dən başlayan aksiya 38 gündür davam edir.