Şəhid Fəxri Qəribzadənin xatirəsi anılıb
Bakı, 9 yanvar, AZƏRTAC
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Milli QHT Forumunda Vətən müharibəsinin qəhrəman oğullarından olan şəhid Fəxri Qəribzadənin ad günü münasibətilə "Ananın fəxri vətənin fəxridir" adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə vətən yolunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət Himni səsləndirilib.
Sonra Fəxri Qəribzadənin ömür yolundan bəhs edən videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin rəhbəri Güllü Eldar Tomarlı söyləyib ki, şəhidlər Vətən torpağına canını verən, adlarını tarixə qanları ilə yazan qəhrəmanlardır. Onların yoxluğu qəlbimizdə dərin bir boşluq, sönməyən bir həsrət buraxıb. “Bu torpaq üzərində atdığımız hər addımda onların fədakarlığının səsi yaşayır. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri şəhid Fəxri Qəribzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı gedən döyüşlərdə Suqovuşanın azad edilməsində iştirak edib.
“Oktyabrın 10-da Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə” medalları ilə də təltif edilib”, -deyə o əlavə edib.
Tədbirdə şəhid Fəxri Qəribzadənin anası Mehparə Qəribova, tanınmış əmək qəhrəmanı Tərlan Musayeva və digər çıxışçılar Fəxri Qəribzadənin şərəf dolu ömür yolundan danışıblar. Bildirilib ki, onun ömür yolu gənc nəsil üçün dəyərli bir örnəkdir.
Bədii hissədə Vətən haqqında mahnılar səsləndirilib.