REGİONLAR
Şəhid Vüqar Eyvazovun doğum günündə xatirəsi yad edilib











Xırdalan, 25 yanvar, Ətrabə Rzayeva, AZƏRTAC
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, 2023-cü ilin sentyabrın 19-da həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı şəhid olan Eyvazov Vüqar Eyvaz oğlu 35-ci doğum günündə yad edilib. Anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və şəhid ailələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, iştirakçılar Fəxri xiyabanda Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın məzarlarını ziyarət edib, tər güllər düzərək ruhlarına dualar oxuyublar.
Şəhid Vüqar Eyvazovun ailə üzvləri ilə görüşən icra başçısı ailənin qayğıları ilə maraqlanıb. Qeyd edilib ki, xalqımızın qalib gəldiyi 44 günlük müharibədə minlərlə qəhrəman oğullarımız silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda döyüşüb. 3-cü dərəcəli “Vətənə xidmətə görə”, “Vətən uğrunda”, “Vətən müharibəsi iştirakçısı” və “Cəsur döyüşçü” medallarına layiq görülən kapitan Vüqar Eyvazov da həmin qəhrəmanlardan biri olub.
Söhbət zamanı şəhidin ailə üzvləri də onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Şəhidlərin xatirəsinin əziz tutulması, daim yad olunması bütün şəhid ailələrinə hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi qiymətləndirilib.