Şəhidlərin xatirəsi yad edilib
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 19-da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Əvvəlcə ölkəmizin müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Hərbi Lisey rəisinin şəxsi heyətlə iş üzrə müavini, şöbə rəisi polkovnik Rəhim Səmədov 1990-cı ilin Qanlı Yanvar günlərini xatırladıb, sovet imperiyasının törətdiyi bu dəhşətli cinayəti xalqımızın milli azadlıq hərəkatını boğmağa, ərazi bütövlüyümüzün qorunması naminə haqq səsimizi susdurmağa yönəlmiş siyasətin acı nəticəsi kimi dəyərləndirib. Bildirilib ki, həmin il yanvarın 19-dan 20-nə keçən gecə əliyalın insanlara, o cümlədən uşaqlara və qocalara divan tutulub, günahsız qanlar axıdılıb.
R.Səmədov vurğulayıb ki, həmin gün xalqımız böyük faciə ilə üzləşsə də, özünün Vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq, müstəqillik uğrunda mübarizliyini, sarsılmazlığını bütün dünyaya sübut etdi. 20 Yanvar faciəsi başda M.Qorbaçov olmaqla, ermənipərəst sovet rəhbərliyinin Azərbaycana qarşı məkrli niyyətini bir daha sübut etdi. Hadisədən dərhal sonra xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiyanın əsl niyyətlərini bütün dünyaya bəyan etdi. Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdandan sonra bu qanlı aksiyaya siyasi-hüquqi qiymət verildi. İyirmi altı il əvvəl ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Zaman keçsə də, əsrlər ötsə də 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova çıxışı zamanı bildirib ki, Azərbaycanın dövlətçilik tarixində 20 Yanvar günü, bütün faciəsi ilə yanaşı, xalqımızın milli müstəqillik, Vətənimizin azadlığı uğrunda mübarizə ruhunun və yenilməz iradəsinin rəmzinə çevrilib. Azərbaycanın taleyi, hətta xəritədəki varlığı şübhə altında olduğu bir vaxt bu səsi ilk olaraq Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmişləri hüquqa, demokratiyaya, humanizmə zidd hadisə olduğunu deyib. S.Qəhrəmanova diqqətə çatdırıb ki, bu ümummilli hüzn, eyni zamanda, xalqımızın birlik və vəhdətini təcəssüm etdirən qürurlu tarixin ildönümü gününü yüksək səviyyədə qeyd etmək, şəhidlərimizin əziz ruhlarını anmaq bütün vətəndaşlarımızın Vətən qarşısında müqəddəs borcudur.
Digər çıxış edənlər də bu kədərli günlə bağlı xatirələrini bölüşüb, şəhidlərin ruhuna rəhmət diləyiblər.
Tədbirdə uşaq hüquqlarına dair təqdimat, “Vətəndaşların sosial rifahının göcləndirilməsinə dəstək” İctimai Birliyi tərəfindən çəkilmiş “Ölümə qənşər” filmini nümayişi olunub, həmçinin kursantlar arasında vətənpərvərlik mövzusunda sorğu aparılıb.
Qeyd edək ki, filmdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış Milli Qəhrəmanlarımızın ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri əks olunub.