ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen mayın 12-də Şəhidlər xiyabanını ziyarət etmişdir.
İsveçrənin dövlət başçısını və nümayəndə heyətinin üzvlərini Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər qarşıladılar.
Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpen və nümayəndə heyətinin üzvləri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman Azərbaycan övladlarının məzarları üstünə gül-çiçək düzdülər.
İsveçrənin dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında İsveçrənin və Azərbaycanın dövlət himnləri səsləndi. İsveçrə Konfederasiyasının Prezidenti Paskal Kuşpenin istəyi ilə orkestr Ü.Hacıbəyovun “Koroğlu” operasının uvertürasını da ifa etdi.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov aIi qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verdi.
Prezident Paskal Kuşpen Azərbaycan paytaxtının mənzərəsini maraqla seyr etdi.
######
![]() |
