CƏMİYYƏT
“Səhiyyə sistemi” işçi qrupunun növbəti iclası keçirilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Biznes mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə sistemi“ işçi qrupunun videokonfrans formatında növbəti iclası keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, işçi qrupun sədri, səhiyyə nazirinin müavini Rasim İsmayılovun rəhbərliyi ilə keçirilən iclasda Fəaliyyət Planı üzrə icra edilən fəaliyyətlərin nəticələrinə dair müzakirələr və təhlillər aparılıb. Həmçinin 2024-cü il üzrə Fəaliyyət Planının 6 aylıq hesabatının yekunlarına dair Səhiyyə Nazirliyi və əsas icraçı qurumlar tərəfindən məruzələr dinlənilib.
Görüşdə ümumtəhsil məktəblərində psixoloqların ümumi sayı, bu sahə üzrə statistik göstəricilərə dair məlumatlar verilib. Bundan əlavə, əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılması istiqamətində aparılan tədbirlərin effektivliyinin qiymətləndirilməsi məqsədilə 2023-cü il və 2024-cü ilin 6 ayı ərzində reabilitasiya xidmətləri üzrə statistikaya dair məlumatlar işçi qrup üzvlərinə təqdim edilib.
İclasın sonunda işçi qrup üzvlərinə müvafiq tapşırıqlar verilib.