REGİONLAR
Şəkəralı Baxışəliyev: Ölkədə camışçılığın inkişaf etdirilməsi çox vacibdir FOTO VİDEO
Kənd Təsərrüfatı Nazirliyi ilə AZƏRTAC-ın birgə layihəsi: “Kəndbəkənd”
Ucar, 24 oktyabr, AZƏRTAC
Azərbaycanda camışçılığın tarixi uzaq keçmişə gedib çıxır. Ölkəmizin təbii iqlim şəraiti heyvandarlığın bu sahəsinin intensiv inkişafı üçün olduqca münasibdir. Vaxtilə Kür qırağı, Araz vadiləri, Qazax-Qarabağ düzləri camışçılığın məskəni olub. Camışçılıq xalqımızın ərzaq məhsulları ilə təminatında həmişə mühüm rol oynayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ucar rayonunda yerləşən camışçılıq təsərrüfatında çalışan Şəkəralı Baxışəliyev deyib.
Onun sözlərinə görə, camış yemə az tələbkardır: “Camışlar xəstəliklərə dözümlüdür. “Camışa qamış ver, ət və süd al” kəlamı əbəs yerə deyilməyib. Təzə camış südü çox ləziz olur. Camışlar inəklərə nisbətən az süd verirlər. Gündə sağmal camışlardan 3-4 kiloqram süd sağılır. Azərbaycanda camış südündən yerli əhalinin çox sevdiyi əla keyfiyyətli qatıq və süzmə, əvəzsiz qaymaq, dadlı şor alınır. Camış qatığı inək və qoyun qatığından qatı, dadlı, yağlı və qiymətli hesab olunur”.
Şəkəralı Baxışəliyev təsərrüfatda 125 camışın bəsləndiyini deyib. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsərrüfata Macarıstandan 125 baş cins camış gətirilib. Onlardan 122 başı ana, 3 başı isə erkək camışdır. Gətirilən ana camışlardan 45 gündən sonra 60 bala alınıb.
Təsərrüfat işçisi bildirib ki, camışçılıq səmərəli və gəlirli sahədir: “Camışları təbii şəraitdə bəsləmək üçün güclü yem bazası və su hövzələrinin olması vacib şərtdir. Aran zonasında camışları sağlam saxlamaq üçün əsas məsələ təsərrüfatın su gölməçələrinə yaxın olmasıdır. Bütün bu amilləri nəzərə alaraq, biz də camışçılıq təsərrüfatımızda belə bir şərait yaratmışıq. Macar camış cinslərinin yerli cinslərdən fərqi ondadır ki, bir sağımda 8 litr süd verir. Camışın südünün yağlılığı inəkdən 10 faiz yüksək olur. Əgər inəyin südündə yağlılıq 4-5 faiz olursa, camışda yağlılıq 10-12 faizdir”.
Fermer camışçılığın daha geniş yayılmasının vacibliyini vurğulayaraq deyib: “Aran bölgəsində heyvandarlıqla məşğul olan fermerlərə tövsiyəm budur ki, onlar da camışçılıq sahəsi ilə məşğul olsunlar. Camışçılıqdan faydalı təsərrüfat yoxdur”.