“Şəkəri azalt, ömrünü uzat” kampaniyası çərçivəsində təhsil müəssisələrində görüşlərə başlanılıb











Bakı, 2 aprel, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat” kampaniyası davam edir. Kampaniyaya qoşulanların sayının artması ilə yanaşı, məsələ ilə əlaqədar aparılan təbliğat-təşviqat işləri genişləndirilir, maarifləndirici məlumatlar, bukletlər və videoçarxlar hazırlanaraq ictimaiyyətə təqdim olunur. Həmçinin kampaniya çərçivəsində təhsil müəssisələrində görüşlərin keçirilməsinə başlanılıb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin tədbir çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 69, 117, 174 və 183 nömrəli körpələr evi-uşaq bağçalarında ilk görüşlər təşkil edilib.
Tədbirlərdə Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən "Şəkərin zərərləri" və "Uşaqların gündəlik qida rasionunda meyvə-tərəvəzin əhəmiyyəti" mövzularında təqdimatlar edilib. Eyni zamanda uşaqlarla interaktiv oyunlar keçirilib, onlara döş nişanları və stikerlər paylanılıb.
Qeyd edək ki, kampaniya çərçivəsində ilkin mərhələdə, ümumilikdə 5 məktəbəqədər, 5 ümumi və 5 ali təhsil müəssisəsində görüş keçiriləcək. Eyni zamanda iri ticarət mərkəzlərində və supermarketlərdə stendlər qurulacaq. Stendləri ziyarət edən şəxslərə kampaniya ilə bağlı ətraflı məlumat veriləcək, onlara müxtəlif simvolik hədiyyələr təqdim olunacaq. Həmin tədbirlərin yekunu olaraq aprelin 26-da Qida Təhlükəsizliyi İnstitutunda "Qida Təhlükəsizliyi" Simpoziumu təşkil ediləcək.
Onu da qeyd edək ki, “Şəkəri azalt, ömrünü uzat” kampaniyası əhali arasında sağlam həyat tərzinin təbliğ olunması və vətəndaşların sağlam qidalanmaya, o cümlədən şəkərin normaya uyğun qaydada istehlak edilməsinə təşviq olunması məqsədilə həyata keçirilir.