Şəki Dövlət Yol Polisi Bölməsi maarifləndirmə tədbirlərini davam etdirir
Şəki, 7 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi yeniyetmə və gənclərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə təhsil müəssisələrində “Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu” mövzusunda maarifləndirmə tədbirlərini davam etdirir.
Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftaliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, növbəti maarifləndirmə tədbiri iyunun 7-də Şəki Dövlət Peşə Təhsil Mərkəzində keçirilib. Pandemiya dövrünün tələblərinə uyğun olaraq açıq hava şəraitində, sosial məsafə gözlənilməklə keçirilən tədbirdə mərkəzin müəllim və tələbələri iştirak ediblər.
Diskussiya şəklində keçirilən tədbirdə cari ilin ötən dövründə ölkə ərazisində piyadaların iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri barədə ətraflı məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Bölmənin inspektoru bu istiqamətdə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib.