ŞƏKİ GƏNCLƏRİNİN TOPLANTISI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Gənclərinin V Forumuna hazırlıq çərçivəsində iyulun 5-də Şəkidə gənclərin ümumrayon toplantısı keçirilmişdir.
Toplantıda şəhər gənclər və idman idarəsinin rəisi Vüqar İsgəndərovun Gənclərin IV Forumundan keçən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi dinlənilmişdir. Azərbaycan gəncliyinin hərtərəfli inkişafına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərildiyini vurğulayan natiq məhz ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və müvafiq sərəncamı ilə gəncləri vahid təşkilatda birləşdirmək məqsədilə Gənclər və İdman Nazirliyinin yaradıldığını, 1996-cı il fevralın 2-də Azərbaycan Gənclərinin I Forumunun keçirildiyini nəzərə çarpdırmışdır. Natiq bildirmişdir ki, gənclərin ilk forumunun əhəmiyyətini qabartmaq, həmin tarixi əbədiləşdirmək məqsədilə ulu öndərimiz fevralın 2-nin Gənclər günü kimi qeyd olunması haqqında sərəncam imzalamış, 2002-ci ildə isə “Gənclər siyasəti” haqqında qanun qəbul edilmişdir.
Məruzədə qeyd olunmuşdur ki, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi gənclər siyasətini uğurla həyata keçirən Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” təsdiq edilmiş, 2007-ci il “Gənclər ili” elan edilmişdir. Natiq bildirmişdir ki, Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatındakı fəal iştirakını yüksək qiymətləndirən dövlət başçısı gənclərin sosial problemlərinin həllinə, hüquqlarının müdafiə edilməsinə, gənc istedadlara dövlət qayğısının artırılmasına, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin qiymətləndirilməsi məsələsinə daim xüsusi diqqət və qayğı ilə yanaşır, onlara mənəvi dəstək olur.
Natiq daha sonra Şəki gənclərinin IV Forumdan keçən dövr ərzindəki fəaliyyətini geniş təhlil etmiş, qazanılan uğurlar barədə danışmış, qarşıdan duran vəzifələrə toxunmuşdur. Qeyd olunmuşdur ki, Şəki Şəhər Gənclər və İdman İdarəsi öz fəaliyyətində gənclərin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, dövlət rəmzlərinə, adət-ənənələrinə hörmət ruhunda tərbiyə olunmasına xüsusi əhəmiyyət vermiş, orduda xidmət edən gənclərin mənəvi-psixoloji vəziyyətinin yüksəldilməsini, istedadlı gənclərin aşkara çıxarılmasını, sahibkarlıq fəaliyyətinin dəstəklənməsini, məşğulluğunun təmin edilməsini diqqət mərkəzində saxlamışdır.
Tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev və şəhər icra hakimiyyəti başçısının müavini Zərinə Cavadova çıxış edərək Şəki gənclərinin ötən dövr ərzindəki fəaliyyətini yüksək qiymətləndirmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışlar.
Azərbaycan Gənclərinin V Forumuna 20 nəfər nümayəndə seçilmişdir.
Şəki gəncləri adından Prezident İlham Əliyevə müraciət qəbul olunmuşdur.