Şəki Regional Elmi Mərkəzi tərəfindən etnoqrafik materialların toplanılması işi davam etdirilir
Bakı, 30 avqust, AZƏRTAC
Etnoqrafik araşdırmalarda arxeoloji materiallar və tədqiqatlar əvəzsiz əhəmiyyətə malikdir. Bu elmlərin birliyi çoxəsrlik tariximizin bir sıra qaranlıq məqamlarına aydınlıq gətirir. AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Tarix, arxeologiya və epiqrafika şöbəsinin böyük elmi işçisi Akif Məmmədli və kiçik elmi işçisi Aygül Xəlilova Balakən rayonunda növbəti dəfə ekspedisiyada olublar.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, ekspedisiya zamanı əməkdaşlar şöbənin tədqiqat istiqamətlərinə uyğun olaraq məlumatların toplanılması məqsədilə yaşlı sakinlərlə fərdi söhbətlər aparıblar. Həmçinin XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid qadın geyimlərinin və bəzək əşyalarının fotoşəkilləri çəkilib.