ŞƏKİDƏ “QUŞ QRİPİ”NİN YAYILMASINA QARŞI KOMPLEKS TƏDBİRLƏR GÖRÜLÜR
İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, idarə, müəssisə və təşkilat rəhbərlərinin, bələdiyyə sədrlərinin, polis sahə müvəkkilləri və mətbuat nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Həsən Həsənov açaraq son vaxtlar dünyanın bir sıra ölkələrində, o cümlədən qonşu dövlətlərin ərazilərində “quş qripi” xəstəliyinin yayılması, eləcə də Xəzər dənizinin sahillərində bu virusdan tələf olmuş köçəri quşların tapılması faktının təsdiqləndiyi barədə məlumat vermiş, respublikamızda xəstəliyə qarşı kompleks profilaktik tədbirlərin aparıldığını diqqətə çatdırmış, bu istiqamətdə fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini vurğulamışdır.
Şəhər icra hakimiyyəti başçısının müavini Firqət Məmmədov tədbir iştirakçılarını insan həyatı üçün təhlükəli olan “quş qripi” xəstəliyinin respublika ərazisində yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti tərəfindən rayon və şəhər icra hakimiyyətləri başçılarına ünvanlanan məktub və bununla bağlı Şəki Şəhər İcra Hakimiyyəti başçısının imzaladığı xüsusi sərəncamla tanış etmişdir. Sərəncamda rayon Fövqəladə Hallar Komissiyasının nəzdində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək xüsusi komissiyanın və işçi qruplarının yaradılması, əlaqədar dövlət strukturlarının, bələdiyyələrin və işçi qrupu üzvlərinin qarşısında duran vəzifələr müəyyənləşdirilmiş, habelə əhalinin maarifləndirilməsi üçün kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilməsi xüsusi qeyd olunmuşdur.
Müşavirədə Şəki Baytarlıq İdarəsinin baş həkimi Əlövsət Mustafayev və Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Əhliyar Hüseynov çıxış edərək “quş qripi” xəstəliyinin əlamətləri, onunla mübarizə metodları barədə məlumat vermiş, bu xəstəliyin yayılmasının qarşısının alınması məqsədi ilə respublika Səhiyyə Nazirliyi, Dövlət Baytarlıq Xidməti və digər əlaqədar qurumlar tərəfindən həyata keçirilən profilaktik tədbirlər barədə danışmışlar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.