Şəkidə sürücülər üçün maarifləndirici tablolar quraşdırılıb
Şəki, 23 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən şəhərin müxtəlif yerlərində təhlükəsizlik qaydalarına riayət edilməsini təbliğ edən maarifləndirici tablolar quraşdırılıb.
Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat işləri üzrə inspektoru, polis baş leytenantı Tural Niftaliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tabloların quraşdırılması Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər planına uyğun olaraq, şəhər icra hakimiyyəti ilə razılaşdırılmış şəkildə şəhər bələdiyyəsinin köməkliyi ilə təmin edilib.
T.Niftaliyevin sözlərinə görə, təbliğat-təşviqat xarakterli məlumat tablolarının quraşdırılmasında məqsəd sürücüləri yol hərəkəti təhlükəsizliyinin təbliğinə təşviq etməkdir. Aparılmış təhlillərlə müəyyən edilib ki, respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin əksəriyyəti sürücülər tərəfindən sürət məhdudiyyətinin aşılması nəticəsində baş verir. Nəqliyyat vasitələrini idarə edərkən sürücülər tərəfindən təhlükəsizlik kəmərindən istifadə edilməməsi isə baş verən qəzalarda ağırlıq dərəcəsinin yüksəlməsinə səbəb olur.
Təbliğat-təşviqat işini daha da təkmilləşdirmək məqsədilə gələcəkdə şəhər ərazisində elektron tabloların quraşdırılması da nəzərdə tutulur.