Sel suları Şəkidə yol infrastrukturuna və yol qurğularına ziyan vurub
Bakı, 30 avqust, AZƏRTAC
Ötən gün Şəki rayonuna yağan güclü yağış nəticəsində yaranan sel suları Aydınbulaq-Aşağı Daşağıl avtomobil yolunun müxtəlif kilometrlərində yolun hərəkət hissəsinə xeyli miqdarda qum-çınqıl, lil materialı gətirib, yolun bəzi hissələri və suötürücü borulara ziyan dəyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata əsasən, yolun 13-16-cı kilometrində Şirinbulaq kəndindən gələn sel suları yolun 15-ci kilometrində yerləşən suötürücü borunu tamamilə palçıq, lil, qum-çınqılla doldurmuş və sel suyu yolun üzərindən aşaraq Əlyar kəndinin daxili yollarını bərbad vəziyyətə salmışdır.
Aşağı Daşağıl kəndi ərazisində yolun 250 metrlik hissəsində (əsasən yolun 13-16-cı km-də ) çiyin hissələri tamamilə yuyulmuş, asfalt örtükdə hissə-hissə dağıntılar meydana gəlmişdir. Təbii fəlakət baş verən ərazilərə dərhal Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi və texnikası cəlb edilib. Aparılmış təxirəsalınmaz tədbirlər nəticəsində yollarda yaranmış problemlər aradan qaldırılıb, hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin olunub.
Təbii fəlakət səbəbindən avtomobil yollarında yaranmış fəsadların aradan qaldırılması davam etdirilir.