Şəmkirdə keçirilən cüdo üzrə zona birinciliyində 250-yə yaxın idmançı mübarizə aparıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Cüdo Federasiyası regionlarda cüdonun kütləviliyi və inkişaf etdirilməsi məqsədilə cüdo üzrə zona birincilikləri keçirir.
AZƏRTAC xəbər verir ki, bu il ilk region birinciliyi qərb zonasında olub.
Şəmkir Olimpiya İdman Kompleksində təşkil edilən birincilikdə Gəncə, Qazax, Tovuz, Ağstafa, Şəmkir, Samux və Göygöl şəhərlərinin 250-yə yaxın yeniyetmə cüdoçusu mübarizə aparıb.
Yarışların açılış mərasimində Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, tanınmış mütəxəssislər çıxış edərək ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar.
Qərb bölgəsinin tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Sonra birinciliyə start verilib.
İlk yarış gününün qaliblərinə Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub.