“Şəms” tərcümə şirkəti: Yeni texnologiyaların tətbiqi zamanın tələbidir VİDEO
Bakı, 18 iyun, AZƏRTAC
“Şəms” tərcümə şirkəti artıq 25 ildən çoxdur ki, ölkəmizdə və beynəlxalq aləmdə yazılı, şifahi tərcümə sahəsində öz sözünü demiş şirkətdir. Bu gün keçirilən “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə yeni məhsulla təmsil olunuruq.
Bu sözləri AZƏRTAC-a açıqlaması zamanı “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə iştirak edən “Şəms” tərcümə şirkətinin Linqvistik keyfiyyətə nəzarət şöbəsinin rəhbəri İlhamə Abasova deyib.
O bildirib ki, şirkət 40-dan çox dilə tərcümələr edir.
“Zamanın çağırışlarına cavab olaraq şirkətimiz yeni texnologiyaların tətbiqini də həyata keçirir. Azərbaycanda ilk dəfə olaraq “Şəms” şirkəti bu sərgidə sinxron tərcümə aparatı təqdim edir. Ölkəmizdə hələ ki, alternativi olmayan bu aparat 97 kvadrat metr bir əraziyə səs ötürmək qabiliyyətinə malikdir və eyni anda 64 kanalda 64 dilə tərcümə etmək imkanına malikdir. Bununla yanaşı 16 salonda 500 insan üçün tərcüməni həyata keçirə bilir”, - deyə İlhamə Abasova vurğulayıb.
Sərgi barəsində danışan şöbə rəhbəri nəzərə çatdırıb ki, “7-ci Yerli Şirkətlərin Tanıtım Sərgisi”ndə iştirak etməklə ilk növbədə texnoloji yenilikləri təqdim edir, həmçinin sərgi çərçivəsində yeni tərəfdaşlar və əlaqələr qurmaq imkanı qazanırlar: “Bu gün Azərbaycan dünyaya açılan bir dövlətdir. Ölkəmizə müxtəlif ölkələrdən iş adamları və biznes qurumlarının nümayəndələri gəlir ki, bunların da tərcüməyə ehtiyacı olur və biz də bu ehtiyacları ödəməyə çalışırıq”.