Senator Rusiyanın qonşu dövlətlərlə münasibətlərinin necə inkişaf edəcəyini proqnozlaşdırıb
Moskva, 16 yanvar, AZƏRTAC
Azərbaycan ilə Rusiya arasında münasibətlər sabitdir.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçyov “Sputnik” radiosuna müsahibəsində 2024-cü ildə Rusiyanın qonşu dövlətlərlə münasibətlərinin necə inkişaf edəcəyini proqnozlaşdırıb.
O qeyd edib ki, Rusiyanın Azərbaycan və Mərkəzi Asiya dövlətləri ilə münasibətləri sabitdir, gələcəkdə isə bu əlaqələr bir çox cəhətdən Rusiya xarici siyasətinin səmərəliliyindən asılı olacaq.
Ermənistanla münasibətlərin getdikcə pisləşdiyini vurğulayan senator deyib ki, Ermənistanın hazırkı rəhbərliyi ölkəni mümkün qədər Rusiyadan uzaqlaşdırır: “Amma mənə elə gəlir ki, bu, müvəqqəti haldır, çünki Rusiya ilə normal mehriban qonşuluq münasibətləri qurmasa, Ermənistanın vəziyyəti çox çətin olacaq. Qərbdəki yeni dostlarının Ermənistanı saxlayacaqlarına inanmıram”, - deyə Kosaçyov bildirib.
Gürcüstana gəldikdə isə senator bu ölkə ilə münasibətlərdən müsbət dinamika gözlədiyini deyib. Onun sözlərinə görə, iki ölkə arasında diplomatik münasibətlər olmasa da əməkdaşlıq davam edir. Təyyarə reyslərinin açılmasını çox ciddi amil kimi qiymətləndirən Kosaçyov, Rusiya-Gürcüstan əlaqələrinin yaxın gələcəkdə müsbət dinamikasına ümid bəslədiyini vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva