“Sənaye mülkiyyəti” bülleteninin 3-cü nömrəsi nəşr olunub
Bakı, 14 aprel, AZƏRTAC
Əqli Mülkiyyət Agentliyinin “Sənaye mülkiyyəti” aylıq rəsmi bülleteninin 3-cü nömrəsi işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib.
İxtira, faydalı model və sənaye nümunələrinə dair materialların dərc edildiyi “Sənaye mülkiyyəti” bülleteninin bu nömrəsində 3 ixtira, 1 faydalı model və 1 milli sənaye nümunəsinə aid iddia sənədləri barədə məlumat verilib. Bu nömrədə Dövlət Reyestrinə daxil edilmiş 21 ixtira və 4 faydalı model patentləri, habelə “Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında” Haaqa müqaviləsinin Cenevrə Aktı çərçivəsində Azərbaycan Respublikasında mühafizəyə verilmiş 9 beynəlxalq sənaye nümunəsi haqqında məlumatla tanış olmaq mümkündür.
Bülletenin 3-cü nömrəsində patentin qüvvədə olma müddətinin uzadılması ilə bağlı ixtiraya dair 20, faydalı modelə dair 11, sənaye nümunəsinə dair 7 bildiriş dərc edilib. Həmçinin əmtəə nişanları və coğrafi göstəricilərə dair Əqli Mülkiyyət Agentliyində yeni qeydiyyatdan keçirilmiş 197 əmtəə nişanı barədə məlumat verilib. Qeydiyyatdan keçirilmiş əmtəə nişanlarına dair iddia sənədlərindən 129-u hüquqi şəxslər, 43-ü fiziki şəxslər tərəfindən Agentliyə təqdim edilib. İddia sənədlərinin 25-i iddiaçıların rəsmi nümayəndəsi qismində patent müvəkkilləri tərəfindən verilib.
Bu nömrədə əmtəə nişanı sahiblərinin adlarının və ünvanlarının dəyişdirilməsi barədə 32, daha əvvəl qeydiyyata alınmış əmtəə nişanına hüquqların verilməsi barədə müqavilələrin qeydiyyatı üzrə 8, əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddətinin uzadılması ilə bağlı 105, coğrafi göstəricinin qeydiyyatının qüvvədə olma müddətinin uzadılması ilə bağlı 6 və qüvvədə olan əmtəə nişanının etibarsız hesab edilməsi barədə 7 bildiriş dərc olunub.