SENTYABRIN 17-DƏ VALYUTA BAZARINDA BAŞ VERƏNLƏR MÖHTƏKİRLƏRİN ƏMƏLİ İDİ
Elman Rüstəmovun sözlərinə görə, həmin gün gözlənilmədən manatın məzənnəsi qalxmış, ABŞ dolları ucuzlaşmışdır. 10-12 il valyuta sabitliyi şəraitində yaşamış ölkə üçün bu, çox qeyri-adi hal olmuşdur. Aparılan araşdırmalar göstərmişdir ki, hadisə heç bir fundamental makroiqtisadi amilə əsaslanmamışdır. Valyutanın dəyərsizləşməsinin klassik modelinə görə, rəsmi valyuta birjasında milli valyuta (xarici yox), özü də qeyri-nağd valyuta dəyərsizləşir. Səbəb isə dövlətin kifayət qədər valyuta ehtiyatına malik olmaması, öz valyutasının dəyərini müdafiə edə bilməməsi olur. Azərbaycanda isə, qeyri-nağd valyutanın məzənnəsi dəyişməmişdi. Dəyişə də bilməzdi, çünki kifayət qədər valyuta ehtiyatı var. Sentyabrın 17-də valyuta bazarında baş verənlər möhtəkir qrupların əməli olmuşdur.
Hadisə ilə əlaqədar mübadilə şəbəkələri olan banklarda aparılan yoxlamalardan sonra Banklar Assosiasiyası zərər çəkmiş vətəndaşlara kompensasiya ödəmək haqqında qərar çıxarmışdır. Yeddi nəfərdən 10 min ABŞ dolları barədə müraciət daxil olmuş və həmin vəsait ödənilmişdir. Sənədli müraciət olarsa, banklar bu gün də kompensasiya ödəməyə hazırdır. Yoxlamalar nəticəsində prosesə kortəbii qoşulmuş 10-dək bankın 27 mübadilə məntəqəsinin lisenziyası geri alınmış, 75 mübadilə məntəqəsini isə banklar özləri bağlamışlar.