“Şerif”in futbolçusu: Bakıda “Zirə”yə qalib gələcəyimizə inanırdıq
Bakı, 19 iyul, AZƏRTAC
Çox vacib zəfər idi. Eyni zamanda, oyun çox çətin keçdi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Moldovanın “Şerif” komandasının futbolçusu Əyyub Allaş UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində səfərdə “Zirə”yə penaltilər seriyasında (5:4) qalib gələrək növbəti tura vəsiqə qazanmaları barədə danışarkən söyləyib.
Mərakeş əsilli belçikalı yarımmüdafiəçi deyib: “Zirə” yaxşı komandadır. Onlar iki oyunda bunu sübut etdilər. Rəşad Sadıqov kimi güclü məşqçiləri var. Lakin biz inanırdıq ki, Bakıda qalib gələcəyik. Yeni komandayıq və Moldovada ilk rəsmi oyunumuza çıxmışdıq. Tiraspoldakı məğlubiyyətdən sonra kollektivlə danışmışdıq”.
İyirmi altı yaşlı futbolçu qırmızı vərəqədən sonra oyunun öz tərəflərinə keçdiyini söyləyib: “Salifu Sumanın meydandan qovulması bizə müsbət təsir etdi. Bilirdik ki, azlıqda oynayan rəqib üçün bundan sonra qol vurmaq çətin olacaq. Mən də oyunda ehtiyatdan daxil olub gedişatı dəyişdirməyə hazır idim. Çox xoşbəxtik ki, növbəti mərhələyə vəsiqə qazandıq”.
Qeyd edək ki, “Şerif” Avropa Liqasının II təsnifat mərhələsində İsveçin “Elfsborq” komandası ilə üz-üzə gələcək. Mübarizəsinə Konfrans Liqasında davam edəcək “Zirə”nin rəqibi isə Slovakiya təmsilçisi “Dunayska Ştreda” olacaq.