SERJ SARKİSYANIN YALANI
Aprelin 23-də Amerikada çıxan “Vall Street Journal” qəzetində bu mətbu orqanın müxbiri Mark Çempionun Ermənistan prezidenti Serj Sarkisyanla müsahibəsi dərc edilmişdir. Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair sülh danışıqları prosesinin gedişindən söhbət açaraq qeyd etmişdir ki, münaqişənin əsası “millətin öz müqəddəratını təyin etməsi hüququ”dur.
Jurnalistin “Bu halda çeçenlərin də öz müqəddəratını təyin etməsi hüququndan danışmaq olarmı” sualına Serj Sarkisyan belə cavab vermişdir: “Biz belə hesab edirik ki, bütün xalqların öz müqəddəratını təyin etmək hüququ vardır. Biz bu və ya digər ərazidə yığcam şəkildə yaşayan bütün insanlar haqqında danışmırıq. Məsələn, azərbaycanlılar öz mövqelərini əsaslandırmaq üçün o dərəcəyə çatmışlar ki, mübaliğəyə əl atırlar: Bəlkə Amerikanın Qlendeyl şəhərindəki ermənilərə də öz müqəddəratını təyin etmək imkanı verilməlidir? Söhbət bu barədə deyil, müəyyən ərazidə minilliklər boyu yaşayan insanlar qrupu barədədir. Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkib hissəsi olmamışdır. O, Azərbaycana Sov.İKP-nin qərarı ilə birləşdirilmişdir. Üstəlik, Dağlıq Qarabağ SSRİ-nin tərkibindən eynilə müttəfiq respublikaların etdiyi kimi, sovet qanunvericiliyinə tam müvafiq şəkildə çıxmışdır. Təbii ki, Çeçenistan da öz müqəddəratını təyin etmək hüququna malikdir və çeçenlər bu yaxınlarda keçirilmiş referendumda həmin hüquqdan istifadə etmişlər”.
Ermənistan prezidenti “Bəs sərhədlər nə üçün bu şəkildə müəyyən edilmişdi” sualına belə cavab vermişdir: “Bu, kommunizm ideyalarının müsəlman Şərqində yayılmasına kömək etmək üçün xoşməramlı akt kimi görülmüş tədbirdir. Müttəfiq respublikanın SSRİ tərkibindən çıxmasını mürəkkəbləşdirmək və qeyri-mümkün etmək üçün bütün İttifaqda belə edilirdi. Halbuki Konstitusiyaya görə, müttəfiq respublikalara bu hüquq verilmişdi. Təsəvvür edin ki, Azərbaycanın tərkibində iki erməni muxtariyyəti olduğu halda Ermənistan birdən SSRİ-dən çıxmaq fikrinə düşmüşdür. Bu halda həmin muxtariyyətlər həmişəlik Azərbaycanın tərkibində qalardı. Əgər Azərbaycan qəflətən SSRİ-ni tərk etməyi qərara alsaydı, onda Naxçıvan və Qarabağ Sovet İttifaqının tərkibində qalardı”.
Şübhə yoxdur ki, Ermənistan prezidenti Dağlıq Qarabağda münaqişə barədə danışarkən “Vall Street Journal”ın bu barədə məlumatı olmayan oxucularını çaşdırmaq və öz ölkəsini günahsız tərəf rolunda təqdim etmək məqsədi güdür. Onun iki qısa cavabında nə qədər yalan və səhv yozum var! Əvvələn, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasını “millətin öz müqəddəratını təyin etmək hüququ” deyil, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları təşkil edir. Münaqişənin mahiyyəti bundan ibarətdir. Belə olmasaydı, Sarkisyan öz həyatının ən xoşbəxt gününü - Dağlıq Qarabağın ərazi baxımından Ermənistanın bir hissəsinə çevriləcəyi günü görmək arzusunu bölüşməzdi. Ermənistan dövlətinin bütün qonşularına qarşı açıq və ya latent formada ərazi iddiaları var. “Öz müqəddəratını təyin etməyə çalışan Qarabağ xalqı” haqqında tezis bu ərazi iddialarını pərdələmək və təcavüz aktına bəraət qazandırmaq üçün bər-bəzəkli terminoloji şirma kimi düşünülmüşdür.
İkincisi, Qarabağ ermənilərinin bu vilayətdə minilliklər boyu yaşaması yalandır. Həmin ərazinin tarixən Azərbaycana mənsub olması, müasir Ermənistanın bir sıra vilayətləri ilə yanaşı, Qarabağın da orta əsrlərdə Azərbaycan xalqının etnogenezində və formalaşmasında mühüm rol oynamış Qafqaz Albaniyasının tərkibinə daxil olması haqqında təkzibedilməz sübutlar var. 1828-ci ildə İrandan və Osmanlı imperiyasından etnik ermənilərin o dövrdə Azərbaycanın İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazisinə köçürülməsi faktını çoxsaylı tarixi mənbələr təsdiq edir. Bütün sonrakı tarix Rusiya imperiyasının yeni ələ keçirmiş olduğu bu vilayətlərə erməni elementinin immiqrasiyasının davam etməsi və yerli türkdilli əhalinin (çox vaxt zorakılıqla) ya Şərqə, ya da Anadoluya tərəf axışması ilə müşayiət olunmuşdur.
Üçüncüsü, bütün bunlara baxmayaraq qeyd etmək lazımdır ki, istənilən halda ermənilər arasında çox populyar olan uzaq keçmişə istinad edilməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir rol oynamır. ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk qrupunun formatı bu münaqişənin tarixi, xüsusən də qərəzli arayışlar əsasında deyil, beynəlxalq hüquq çərçivəsində dinc yolla həll etmək məqsədi güdür. Beynəlxalq hüquqda bu cür münaqişələrin həlli zamanı heç kəs hüququ məna kəsb etməyən “əzəli torpaqlar”, “avtoxton xalqlar” və “gəlmə xalqlar” kateqoriyalarından istifadə etmir və bu halda tarixə ekskurs etməyin heç bir mənası yoxdur. Ola bilsin ki, Ermənistan prezidentinin beynəlxalq hüquq sahəsindən inandırıcı dəlilləri olmadığına görə, o, beynəlxalq ictimaiyyəti çaşdırmaq və danışıqlar prosesini erməni xalqının tarixi dərsinə çevirmək ümidi ilə söhbəti uzaq keçmişə yönəltmək iştahası böyükdür. Lakin bu və ya digər əraziyə birinci olaraq kimin qədəm qoyması heç kəs üçün maraqlı deyil. Nəticə etibarilə bütün xalqlar antropogenezin vahid məhsulunun- Afrikadakı Böyük Göllər rayonunda yaranmış ilk insanın nəslindəndir. Həmin insan yaranandan sonra bəşəriyyət fasiləsiz miqrasiya vəziyyətində olmuşdur və bu proses indi də davam edir. Tarix elmində bu və ya digər ərazidə yerli xalqlar sayılan xalqlar da oraya haçansa gəlmişlər və onların hansı şəkildə gəlməsi hələ məlum deyil. İstənilən halda tarixçilərin şəhadətlərinin müasir regional münaqişələrin həllinə heç bir aidiyyəti yoxdur və bu cür məsələlər elmin özündən başqa heç kəs üçün maraq doğurmur. Tarix ilə beynəlxalq hüquq arasında ciddi hədd qoyulmaq və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş əhatəli və qəti həllini təklif edərkən onları bir-birindən ayırmaq lazımdır.
Dördüncüsü, Dağlıq Qarabağda münaqişə guya “Qarabağı Ermənistandan özbaşına zorla ayırmış” və “onu Azərbaycana hədiyyə etmiş” Stalinin kəramətindən yol verilmiş “tarixi səhv” haqqında yayılan mifdən başlanmışdır. Erməni “miatsum”unun məddahları sovet rəhbərliyini və ictimaiyyəti çaşdırarkən ona ümid edirdilər ki, heç kəs onların irəli sürdüyü tezisləri yoxlamayacaqdır. Lakin arxiv sənədləri ilə sadəcə tanışlıq sovet hakimiyyətinin ilk illərində baş vermiş hadisələrin mənzərəsini bərpa etməyə imkan verir. Ermənilər ilk dəfə o vaxt Qarabağı de yure Ermənistanın tərkib hissəsinə çevirməyə cəhd göstərmişdi. O vaxt bu cəhdlər boşa çıxmışdı və ermənilərin sağlam düşüncəli hissəsinin mövqeyi buna xeyli kömək etmişdi. 1921-ci il iyulun 4-də RK(b)P MK Qafqaz Bürosunun plenumu Qarabağın taleyi məsələsinə baxmaq üçün toplaşmışdı. Lakin məsələ mürəkkəb olduğuna görə, müzakirə həmin gün başa çatmamış və qəti qərar qəbul edilməsi növbəti günə keçirilmişdi. İyulun 5-də plenum həmin məsələnin müzakirəsinə yenidən qayıtmış və aşağıdakı qərarı qəbul etmişdi: “Müsəlmanlar və ermənilər arasında sülhün zəruri olması, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqələri, onun Azərbaycanla daimi əlaqələri nəzərə alınaraq Dağlıq Qarabağ A.S.S.R.-nin tərkibində saxlanılsın, ona geniş vilayət muxtariyyəti verilsin, vilayətin inzibati mərkəzi muxtar vilayətin tərkibinə daxil olan Şuşa şəhərində olsun”. Qarabağın Azərbaycanın tərkibində saxlanılması qərarının lehinə erməni A.Nazaretyan da səs vermişdi. 1923-cü ilin avqust ayında Qarabağın erməni əhalisi referendumda həmin qərarı dəstəkləmişdi. Onilliklər ötdükdən sonra “miatsum” ideoloqları “saxlanılsın” sözünü “verilsin” sözü ilə əvəz etməklə məlumatsız auditoriyada belə bir təəssürat yaratmaq ümidində idilər ki, guya bütün əvvəlki tarixdə Qarabağ Azərbaycanın tərkibində olmamışdır. Üstəlik, Stalinin “əli” məsələsini də özlərindən uydurmuşdular. Düzdür, iyulun 5-də Stalin səsvermədə iştirak etməmişdi, lakin məlumdur ki, o və Çiçerin həmişə Qarabağın Ermənistana verilməsinin tərəfdarı olmuşdur.
Beşincisi, sovet respublikalarının daxili sərhədlərinin müəyyən edilməsi üçün bolşeviklərin motivləri barədə Sarkisyanın mülahizəsini yalnız səfeh mülahizə adlandırmaq olar. SSRİ-də tərkibində muxtar qurumlar olmayan müttəfiq respublikalar çox idi, məsələn, baltikyanı respublikalar, Belarus, Moldova, Orta Asiya respublikalarının bəziləri belə idi. Əgər muxtariyyətlər yaradarkən bolşeviklərin məqsədi müttəfiq respublikanın SSRİ tərkibindən çıxa bilməsinə mane olmaq idisə, onda məsələn, elə həmin Belarusun, Qırğızıstanın və ya Türkmənistanın bu hüquqdan istifadə etməsinə nə mane olurdu? Bundan əlavə, Sarkisyan bəlkə “Vall Street Journal” qəzetinin oxucularına izah edəydi, necə olub ki, əslində tamamilə azərbaycanlıların məskunlaşdığı Zəngəzur, Göyçə, Dərələyəz, Vedibasar mahalları onun ölkəsinin tərkibinə düşmüşdür?
Altıncısı, Sarkisyanın Azərbaycanın tərkibində “iki erməni muxtariyyəti” olması haqqında sözləri də cəfəngiyyatdır. Naxçıvan MSSR nə vaxtdan “erməni” muxtariyyəti olmuşdur? Məlumdur ki, Naxçıvanın muxtar respublikaya çevrilməsi məsələsi Zəngəzur Ermənistana veriləndən və Naxçıvanın sünu şəkildə Azərbaycanın qalan hissəsindən ayrılmış coğrafi eksklavına çevrilməsindən sonra gündəmə gətirilmişdir. Erməni dövlətinin prezidenti onun ölkəsinin imzaladığı beynəlxalq müqavilələrin mətnləri ilə tanış olsaydı, görərdi ki, həmin müqavilələrdə Naxçıvan muxtariyyətinin yaradılmasının etnik motivləri barədə bircə kəlmə də yoxdur.
Nəhayət, yeddincisi, Dağlıq Qarabağın Azərbaycan SSR-in və SSRİ-nin tərkibindən çıxmasının guya “hüquqi cəhətdən qüsursuz olması” məsələsi üzərində bir qədər ətraflı dayanmaq lazımdır. Hərtərəfli təhlil göstərir ki, Dağlıq Qarabağ ermənilərinin Azərbaycandan ayrılmaq üçün atdığı bütün addımlar qeyri-legitim olmuşdur. Xatırladaq ki, “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında 1990-cı il aprelin 3-də qəbul edilmiş SSRİ Qanununa (bundan sonra müxtəsərlik üçün - SSRİ Qanunu) əsasən müttəfiq respublika SSRİ-nin tərkibindən onun ərazisində ümumrespublika referendumu keçirilməsi yolu ilə çıxa bilərdi. Referendumu müttəfiq respublikanın SSRİ-dən çıxması haqqında məsələ qaldırması barədə qərar qəbul ediləndən ən tezi 6 ay və ən geci 9 ay sonra keçirmək nəzərdə tutulurdu. Bu halda SSRİ Qanununun 3-cü maddəsində deyilirdi: “Tərkibində muxtar respublikalar, muxtar vilayətlər və muxtar mahallar olan müttəfiq respublikada referendum hər bir muxtariyyət üzrə ayrılıqda keçirilir. Muxtar respublikaların və muxtar qurumların xalqlarının SSR İttifaqında, yoxsa SSRİ-dən çıxan müttəfiq respublikada olması haqqında məsələni müstəqil həll etmək hüququ, habelə özünün dövlət-hüquqi statusu haqqında məsələ qaldırmaq hüququ saxlanır. Ərazisində müəyyən yerin əhalisinin əksəriyyətini təşkil edən milli qrupların yığcam yaşadığı yerlər olan müttəfiq respublikada referendumun yekunları müəyyən edilərkən həmin yerlər üzrə səsvermənin nəticələri ayrıca uçota alınır”.
SSRİ-nin mövcudluğunun son ilyarım müddətində baş vermiş hadisələrin qısa xronologiyasını da xatırladaq. Bu, məsələnin təhlili üçün böyük əhəmiyyət kəsb edir.
1990-cı il:
3 aprel. “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında 1990-cı il aprelin 3-də SSRİ Qanunu qəbul edilmişdir.
1991-ci il:
17 mart. SSRİ-nin taleyi barədə referendum. Azərbaycan SSR vətəndaşları SSRİ-nin saxlanmasının və respublikanın onun tərkibində qalmaqda davam etməsinin lehinə səs vermişlər. Ermənistan SSR ümumittifaq referendumunu boykot etmişdir.
30 avqust. Azərbaycan SSR Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında” bəyannamə qəbul etmişdir.
2 sentyabr. Azərbaycan SSR-in Dağlıq Qarabağ muxtar vilayətində qondarma “Dağlıq Qarabağ Respublikası” elan edilmişdir.
6-7 sentyabr SSRİ xalq deputatlarının növbədənkənar qurultayı keçirilmişdir.
18 oktyabr. Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul etmişdir.
26 noyabr. Azərbaycan Respublikası Ali Soveti DQMV-ni ləğv etmişdir.
10 dekabr. Keçmiş DQMV ərazisində “DQR-in müstəqilliyi məsələsinə dair referendum” keçirilmişdir.
26 dekabr. SSRİ-nin mövcudluğuna və bütün ittifaq qanunlarının qüvvəsinə xitam verilmişdir.
Gördüyümüz kimi, SSRİ Qanunu 3 aprel 1990-cı ildən 26 dekabr 1991-ci ilə qədər ittifaq dövlətinin bütün ərazisində qüvvədə olmuşdur. Həmin qanun pozulmaqla müttəfiq respublikaların və muxtar qurumların SSRİ tərkibindən çıxmaq və ya öz statusunu dəyişmək üçün gördüyü bütün tədbirlərin hüquqi qüvvəsi yox idi və onlar etibarsız hesab edilirdi. Bu, “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında 1990-cı il aprelin 3-də qəbul edilmiş SSRİ Qanunu”nun qüvvəyə minməsi haqqında” SSRİ Ali Sovetinin 3 aprel 1990-cı il tarixli qərarında birbaşa təsbit edilmişdi. Həmin qərarın 2-ci bəndinə görə, “...müttəfiq respublikanın SSRİ-dən çıxması haqqında məsələ qoyuluşu ilə əlaqədar olan və ayrılmaq üçün etdiyi bütün hərəkətlər qeyri-legitim olmuşdur. Xatırladaq ki, “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında 1990-cı il aprelin 3-də qəbul edilmiş SSRİ Qanunu”na zidd olan, istər həmin qanun qüvvəyə minənə qədər, istərsə də o qüvvəyə minəndən sonra görülmüş hər hansı tədbirlər, həm SSR İttifaqı üçün, həm də müttəfiq respublikalar üçün heç bir hüquqi nəticə doğurmur”.
Avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında” Bəyannamənin qəbul edilməsi və bundan üç gün sonra DQMV-də “Dağlıq Qarabağ Respublikası” elan edilməsi, dekabrın 10-na müstəqillik haqqında referendum təyin edilməsi qüvvədə olan ittifaq qanunvericiliyinə əsaslanmaqdan daha çox, avqust qiyamından sonrakı ilk günlərin eyforiyası və emosiyalar əsasında görülmüş tədbirlər idi. Bəyannamənin qəbul edilməsi SSRİ Qanununa zidd idi, onun hüquqi qüvvəsi yox idi və buna görə də DQMV-nin öz gələcək statusunu müstəqil müəyyən etməsi proseduruna başlamaq üçün hüquqi əsas ola bilməzdi.
T.Musayev haqlı olaraq qeyd edir: “...3 aprel 1990-cı il tarixli Qanunun hərfi mənasına sona qədər riayət edilsə, həmin Bəyannamənin qəbul edilməsi DQMV üçün Qanuna uyğun olaraq özünün dövlət-hüquqi statusu haqqında məsələ qaldırması üçün hüquqi əsas ola bilməzdi”.
Bundan əlavə, Bəyannamənin qəbul edilməsi Azərbaycanın dövlət müstəqilliyinin hüquqi cəhətdən tam rəsmiləşdirilməsi demək deyildi. Bu, ittifaq qanunvericiliyinə görə, son nəticədə ümumrespublika plebisiti keçirilməsindən ibarət uzun bir prosesin yalnız başlanğıcı idi. Məlum olduğu kimi, 1991-ci il martın 17-də, yəni 1990-cı il Qanunu artıq qüvvəyə minəndən sonra keçirilmiş referendumda Azərbaycan SSR vətəndaşları respublikanın SSRİ tərkibində saxlanmasının lehinə səs vermişdi. SSRİ Qanununun 10-cu maddəsinə görə, İttifaqdan çıxmaq məsələsinə dair yeni referendum əvvəlki referendumun keçirilməsindən ən azı 10 il sonra, yəni ən tezi 2001-ci il martın 17-də keçirilə bilərdi. Əgər Qanunun hərfi mənasına riayət edilsə, SSRİ-nin mövcudluğunun növbəti 10 ilində və ya 1991-ci il dekabrın 26-da həmin Qanunun qüvvəsinə xitam verilənə qədər Azərbaycan İttifaq dövlətinin tərkibindən çıxmaq haqqında məsələ qaldıra bilməzdi və deməli, Bəyannamənin qəbul edilməsi hüquqi nəticələr doğura bilməzdi və üstəlik, Dağlıq Qarabağ muxtariyyətinin öz statusu haqqında məsələni müstəqil müəyyən etməsinə başlamaq üçün hüquqi yol aça bilməzdi.
Noyabrın 26-da Azərbaycan Ali Soveti öz muxtariyyətindən dəfələrlə sui-istifadə etmiş, respublika və İttifaq qanunvericiliklərini pozmuş milli ərazi qurumu kimi DQMV-ni ləğv etdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul 1923-cü il tarixli “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekreti və Azərbaycan SSR-in 16 iyun 1981-ci il tarixli “Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında” Qanunu da öz qüvvəsini itirilmiş hesab edildi. Sovet qanunvericiliyinə müvafiq olaraq, SSRİ-nin mövcudluğunun son dəqiqəsinə qədər Dağlıq Qarabağ Bakıda və Xankəndidə qəbul edilmiş bəyannamələrdən, bəyanatlardan və dekabrın 10-da keçirilmiş, etibarsız sayılan referendumdan asılı olmayaraq, Azərbaycanın tərkib hissəsi kimi qalmaqda davam edirdi.
T.Musayevin başqa bir məqaləsində göstərdiyi, az qala lətifəyə bənzər bir fakt da diqqəti cəlb edir: “...”Dağlıq Qarabağ respublikası”nın elan edilməsi “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanunu ilə əsaslandırılırdı. Lakin əgər erməni tərəfin məntiqinə riayət edərək razılaşsaq ki, Ermənistan SSR və Dağlıq Qarabağ 1989-cu il dekabrın 1-də birləşmişdir, onda sonralar, 1991-ci il sentyabrın 2-də “DQR”in elan edilməsi və bu qurumun ərazisində referendum keçirilməsinin yekunlarına əsasən Dağlıq Qarabağ bu dəfə artıq Ermənistandan ayrılmışdır. Erməni tərəfin dəlillərinin absurd olması göz qabağındadır. Əks halda, rəsmi Yerevan etiraf etməlidir ki, erməni tərəfinin 1991-ci il sentyabrın 2-dək gördüyü bütün tədbirlər qeyri-qanuni olmuşdur və həmin tarixə qədər Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsi kimi qalmaqda davam etmişdir” (Т.Мусаев, “Нагорно-Карабахский конфликт: анализ некоторых ключевых элементов правового характера”, “İrs” jurnalı 2006).
Bununla bərabər, bir sıra başqa maraqlı faktlar da diqqəti cəlb edir. Ləğv edilmiş DQMV ərazisində referendum SSRİ-nin hələ “diri olduğu dövrdə” keçirilmişdi, deməli, İttifaq qanunları qüvvədə idi. Bu səsvermənin nəticələri həm də ona görə etibarsız idi ki, SSRİ qanununun bir sıra başqa müddəaları ilə yanaşı, 6-cı maddəsi də pozulmuşdu. Həmin maddəyə görə, müttəfiq respublikaların Ali Soveti və muxtariyyətlərin xalq deputatları sovetləri referendumun yekunlarını birgə nəzərdən keçirməli və bundan sonra həmin nəticələr SSRİ Ali Sovetinə təqdim edilməli idi. Ləğv edilmiş DQMV-də və qondarma “DQR”də heç olmasa, formallıq naminə və Qanunun müddəalarına riayət edilməsi təsəvvürü yaratmaq üçün səsvermənin yekunlarını Qanunun tələb etdiyi kimi, Azərbaycan parlamentinə təqdim etməyi və onları birlikdə (heç olmasa, telekörpü vasitəsilə) müzakirə etməyi lazım bilməmiş, bu isə Dağlıq Qarabağın Azərbaycandan ayrılmaq haqqında özbaşına qəbul edilmiş qərarın daha da etibarsız olmasına zəmin yaratmışdır. Referendumun təşəbbüsçüləri Qanunun 3-cü maddəsində tələb edildiyi kimi, Azərbaycan icmasının yığcam yaşadığı yerlərdə (azərbaycanlıların əksəriyyət təşkil etdiyi Şuşa rayonunda) ayrıca səsvermə keçirilməsini də təşkil etməmişdilər. Aydındır ki, keçmiş DQMV azərbaycanlıları qeyri-qanuni referendumu rədd etmişdilər, lakin təşkilatçılar Qanunun müddəalarına heç olmasa texniki baxımdan riayət edilməsi təsəvvürü yaratmağa hətta formal mənada da cəhd göstərməmişdilər.
Səsvermənin keçirilməsi tarixi SSRİ Qanununun bir daha pozulması demək idi. Qanunun ikinci maddəsinə görə referendum müttəfiq respublikanın SSRİ-dən çıxması haqqında məsələ qaldırılması barədə qərar qəbul ediləndən ən tezi altı ay və ən geci doqquz ay sonra keçirilməli idi. Hətta bunun əksini fərz etsək və Azərbaycan Ali Soveti tərəfindən 30 avqust tarixli Bəyannamə qəbul edilməsini respublikanın SSRİ-dən çıxması haqqında məsələnin qanuni qoyuluşu tarixi hesab etsək (hərçənd, yuxarıda qeyd etdiyimiz kimi, Qanunun 10-cu maddəsinə görə növbəti 10 ildə Azərbaycan bu məsələni prinsip etibarilə qaldıra bilməzdi), respublikanın bütün ərazisində, yaxud onun bu və ya digər hissəsində səsvermə yalnız 1992-ci ilin mart-may aylarında keçirilə bilərdi. Dekabrın 10-da səsvermə keçirilməsi İttifaq Qanununun daha bir pozuntusu demək idi və onun yekunlarını hər hansı hüquqi əsasdan məhrum edirdi.
SSRİ Qanununun 3-cü maddəsində ümumrespublika səsverməsi keçirilənə qədər (bu səsvermənin keçirilməməsi barədə isə söhbət belə ola bilməzdi) muxtariyyətdə referendum keçirilməsinin mümkünlüyü barədə bir kəlmə də yoxdur. SSRİ Qanunu qüvvəyə minənə qədər muxtariyyətlərin (hətta MSSR-lərin) SSRİ-nin tərkibindən çıxmaq hüququ yox idi, çünki onlar beynəlxalq hüququn subyektləri sayılmırdı.
1990-cı ildə SSRİ qanununun qəbul edilməsi ilə əlaqədar, müxtəlif səviyyəli muxtar qurumlar tərkibinə daxil olduqları müttəfiq respublikaya münasibətdə öz statusunu dəyişmək hüququ əldə etdilər, lakin bunu onların kefi istədiyi vaxtda deyil, yalnız müəyyən halda - əgər müttəfiq respublika SSRİ-dən çıxmaq haqqında qərar qəbul etmiş və bu qərarın lehinə ümumrespublika referendumunda səs verilmiş və bütün hallarda SSRİ qanununa müvafiq şəkildə hərəkət edilmiş olarsa edə bilərdilər. Bu zəruri şərtə əməl edilmədikdə muxtar qurumlar müttəfiq respublikaya münasibətdə öz statusunu dəyişdirmək proseduruna müstəqil şəkildə başlaya bilməzdilər, onlar SSRİ qanununun müddəalarına riayət edilməsini gözləməli idilər. DQMV Azərbaycan Ali Sovetinin Bəyannaməsinə istinad etməklə öz səlahiyyət həddini aşmış, falstart vermiş və onsuz da etibarsız olan referendumun keçirilməsində DQMV özü SSRİ qanununun müddəalarını dəfələrlə pozmuşdu.
Onu da unutmaq olmaz ki, ümumrespublika referendumunda Azərbaycan sakinləri nəzəri cəhətdən respublikanın ittifaq dövlətindən çıxmasının əleyhinə də səs verə bilərdilər. Həmin ilin mart ayında məhz belə olmuşdur. Ümumrespublika referendumu mənfi nəticə ilə başa çatsaydı, muxtar qurumların öz statusunu dəyişmək barədə həmin qurumların sakinlərinin fikri nəzərə alınmayacaqdır və səsvermə bu cür başa çatacağı təqdirdə status-kvo saxlanacaqdı. Yox əgər Azərbaycan SSR ittifaq dövlətinin tərkibindən çıxmaq barədə mürəkkəb prosedurun bütün mərhələlərindən SSRİ Qanununa ciddi müvafiq şəkildə keçmiş olsaydı və ümumrespublika referendumunda əhali müstəqilliyin lehinə səs vermiş olsaydı, onda DQMV-nin öz gələcək statusunu həmin muxtariyyət üzrə ayrıca səsvermənin nəticələri əsasında müstəqil müəyyən etməsi prosedurunun başlanması üçün hüquqi məkan yaranardı. Lakin məlum olduğu kimi belə olmamışdı.
DQMV-nin hərəkətləri qeyri-qanuni idi və SSRİ qanununa zidd idi. Onlar vaxtından əvvəl edilmişdi, tərəflərin heç biri üçün hüquqi nəticələri olmayan Bəyannaməyə əsaslanırdı və Qanunun çoxsaylı pozulmaları ilə müşayiət olunurdu. Buna görə də yuxarıda bəhs etdiyimiz SSRİ Ali Sovetinin 3 aprel 1990-cı il tarixli Qərarına uyğun olaraq 1991-ci il sentyabrın 2-də “Dağlıq Qarabağ Respublikası”nın elan edilməsi haqqında DQMV-nin Qərarı və 10 dekabr tarixli referendumun yekunları hüquqi qüvvəyə malik deyildi və istər SSRİ buraxılana qədər, istərsə də ondan sonra Dağlıq Qarabağ de yure Azərbaycanın tərkib hissəsi kimi qalmaqda davam edirdi. DQMV-nin hərəkətlərinin “beynəlxalq hüquq normalarına” müvafiq olması barədə isə ümumiyyətlə danışmağa dəyməz - Dağlıq Qarabağın bütün tarixi ərzində o, bir dəqiqə belə beynəlxalq hüququn subyekti olmamışdır - nə keçmişdə, nə indi, nə də gələcəkdə!
Tarix göstərdi ki, müttəfiq respublikaların heç biri SSRİ Qanunundan tam həcmdə istifadə etməyə macal tapmamışdır, onların tərkibinə daxil olan muxtar qurumlar barədə isə danışmağa da dəyməz. İttifaq öz mövcudluğunun son aylarında “can üstündə idi” və respublikalar de faktor müstəqil siyasət yeridirdilər. Buna baxmayaraq, formal cəhətdən onlar hələ də müttəfiq respublikalar hesab edilirdi (müstəqilliyi SSRİ xalq deputatlarının 6 sentyabr 1991-ci il tarixli növbədənkənar qurultayı tərəfindən tanınmış üç Baltikyanı respublikadan başqa), çünki ittifaq qanunları hələ qüvvədə idi. Qalan 12 müttəfiq respublika onların əvvəlki sərhədləri daxilində (onların tərkibinə daxil olan muxtariyyətlər ilə birlikdə) SSRİ buraxılan gün, 1991-ci il dekabrın 26-da de yure müstəqil oldular. Həmin gün bütün ittifaq qanunları, o cümlədən 3 aprel 1990-cı il tarixli SSRİ qanunu öz qüvvəsini itirdi. Dünya birliyi həmin müttəfiq respublikaları məhz bu şəkildə, yəni keçmiş sovet respublikalarının sərhədləri daxilində tanımışdır. BMT-nin insan hüquqlarının müdafiəsi üzrə yardımçı komissiyasının üzvü A.Eydenin qeyd etdiyi kimi, “… BMT çərçivəsində geniş konsensus əldə edilmişdir ki, həm keçmiş SSRİ də, həm də keçmiş Yuqoslaviyada müttəfiq respublikaların sərhədləri etnik məskunlaşma əsasında deyil, uti possidetis juris prinsipi əsasında müəyyən edilməlidir. Bu prinsipə görə əvvəllər federasiyanın müttəfiq respublikalarının sərhədləri kimi mövcud olmuş sərhədlər yeni sərhədlər hesab edilməlidir” (bax: T.Musayevin məqaləsindəki 16 saylı sitat: A.Eide. Territoria integrity of States, minority protection and guarantees for autonomy arrangements: approaches and roles of the United Nations. Local self-government, teritorial integrity and protection of minorites. - Counsil of Europe Publishing, 1996. - p.282).
Nəhayət, yeni dövlət münasibətləri sisteminin formalaşması üçün keçid dövrü elan etmiş SSRİ xalq deputatlarının növbədənkənar qurultayı (6-7 sentyabr 1991-ci il) haqqında bir neçə söz demək maraqsız olmaz. Qurultay Suveren Dövlətlər İttifaqı haqqında Müqavilənin hazırlanmasını və imzalanmasını sürətləndirməyi qərara almışdır. Qərarda qeyd edilir ki, yeni ittifaq ona daxil olan dövlətlərin müstəqilliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanmalı idi. Qərarda göstərilirdi ki, qurultay müttəfiq respublikaların onların beynəlxalq hüququn subyektləri kimi tanınması və onların BMT-də üzvlük məsələsinə baxılması istəklərini dəstəkləyir. Qərarda muxtar qurumlar haqqında heç bir söz deyilməmişdir və onlar apriori müttəfiq respublikaların tərkib hissələri sayılmaqda davam edirdi. Qurultay vurğulamışdır ki, yeni ittifaqa daxil olmaqdan imtina etməyi qərara almış respublikaların müstəqillik əldə etməsi üçün onların ayrılması ilə əlaqədar məsələlərin bütün kompleksinin həll edilməsi, habelə onların Nüvə Silahının Yayılmaması haqqında Müqaviləyə, ATƏT-in Yekun Aktına, digər ən mühüm beynəlxalq müqavilələrə və sazişlərə dərhal qoşulması üçün SSRİ ilə danışıqlar aparılması tələb olunur. Qurultay tərəfindən qəbul edilmiş qərarlar əsasında SSRİ Dövlət Şurasının 6 sentyabr 1991-ci il tarixli qərarları ilə Latviya, Litva və Estoniyanın müstəqilliyinin tanınması sənədləşdirilmişdir. Bu halda qeyd etmək lazımdır ki, 1990-cı ildə ittifaqın rəhbərliyi Baltikyanı respublikaların SSRİ-nin tərkibindən çıxması ilə əlaqədar məsələlərin bütün kompleksinin 3 aprel 1990-cı il tarixli SSRİ qanununa müvafiq olaraq həll edilməsinin zəruri olmasının təkid etdiyi halda, SSRİ Dövlət Şurasının yuxarıda adları çəkilən qərarlarına müvafiq olaraq, bu məqsədlər SSR İttifaqının dövlət nümayəndə heyətlərinin hər bir müttəfiq respublika ilə danışıqlarının gedişində əldə edilə bilərdi. SSRİ Dövlət Şurasının qərarlarında həmin məsələlər barəsində muxtar qurumlarla danışıqlar haqda yenə heç nə deyilmirdi.
Bəzi hüquqşünaslar belə hesab edirlər ki, SSRİ xalq deputatlarının 5-6 sentyabr tarixli növbədənkənar qurultayının qərarları 3 aprel 1990-cı il tarixli SSRİ qanununu nəinki aktuallıqdan, həm də hüquqi qüvvədən məhrum etmişdir. Yuxarıda qeyd edildiyi kimi, yeni ittifaqın tərkibinə daxil olmağı arzu etməyən respublikalar bütün zəruri məsələləri SSRİ ilə bu qanunun müddəaları çərçivəsində deyil, danışıqlar vasitəsilə tənzimləməli idilər. Buna görə də çoxları belə hesab edir ki, SSRİ qanununun qüvvədə olduğu sonuncu gün SSRİ-nin buraxıldığı 26 dekabr tarixi deyil, 6 sentyabr tarixidir. Lakin hər iki halda avqustun 30-da Azərbaycan tərəfindən Bəyannamə qəbul edilməsi və sentyabrın 2-də həmin Bəyannamə əsasında “DQR” elan edilməsi hələ qanunun qüvvədə olduğu günlərdə baş vermişdi və buna görə də onların hüquqi qüvvəsi yox idi.
Oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi isə məhz SSRİ xalq deputatlarının növbədənkənar qurultayının qərarlarına əsaslanırdı. Bir sıra hüquqşünasların fikrincə, həmin qurultay 3 aprel 1990-cı il tarixli SSRİ Qanununun qüvvəsinə xitam vermişdir. O vaxt DQMV de yure Azərbaycanın tərkib hissəsi sayılmaqda davam edirdi və onun konstitusiyaya əsasən ləğv edilməsinə bir aydan bir qədər çox qalırdı. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin sənədləşdirilməsinə son nöqtə SSRİ-nin mövcudluğuna rəsmən xitam veriləndən sonra qoyuldu: 1991-ci il dekabrın 29-da Azərbaycan ərazisində referendum keçirilmiş, onun nəticələrinə əsasən, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktının ümumxalq miqyasında dəstəklənməsi ifadə edilmişdir.
Beləliklə, istər DQMV-də “Dağlıq Qarabağ Respublikası”nın birtərəfli şəkildə elan edilməsi, istərsə də ləğv edilmiş muxtar qurumun ərazisində özbaşına referendum keçirilməsi hüquqi qüvvəyə malik deyildi və onlar ittifaq qanunvericiliyinə müvafiq deyildi. Birbaşa Yerevandan qaynaqlanan və qızışdırılan Dağlıq Qarabağda erməni separatizminin “hüquqi cəhətdən qüsursuzluğu” əslində bu vəziyyətdədir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin