“ŞƏRQİ AZƏRİ” PLATFORMASINDAN İLK NEFTHASİLATINA CƏDVƏLDƏN DÖRD AYƏVVƏL BAŞLANMIŞDIR
bp-nin Azərbaycandakı prezidenti Devid Vudvord deyir: Bir ildə dünya səviyyəli iki hasilat platformasını və elə həmin yataqda kompressor və suvurma platformasını işə salmaq dünyada heç də hər neft şirkətinə nəsib olan nailiyyət deyildir. AÇG-nin işlənilməsində biz layihənin hasilat konveyeri xəttini yaradaraq, hər bir mərhələni əvvəlkindən daha səmərəli həyata keçirə bilmişik. Bu bizə “Şərqi Azəri”dən ilk nefti cədvəldən dörd ay əvvəl əldə etməyə imkan verib.
“Şərqi Azəri”nin obyektləri 48 quyu gövdəsinə malik hasilat, qazma, yaşayış platformasından və qurudakı Səngəçal terminalına birləşmiş 30 düyümlük sualtı boru kəmərindən, həmçinin yardımçı boru kəmərləri və sistemlərindən ibarətdir. Bu platformadan hasil edilən səmt qazının isə platformanın yanacaq ehtiyaclarını ödədikdən sonra qalan hissəsi yataqarası sualtı qaz kəmərləri ilə “Mərkəzi Azəri”də quraşdırılmış Kompressor və Suvurma Platformasına (KvəSP) nəql ediləcək və lay təzyiqinin saxlanılması üçün yenidən yerin təkinə vurulacaqdır. Səmt qazının artıq qalan hissəsi mövcud sualtı qaz boru kəməri ilə Səngəçal terminalına nəql olunacaq və buradan “Azəriqaz” Səhmdar Cəmiyyətinə təhvil veriləcəkdir.