Şərqşünaslıq İnstitutu əməkdaşlarının yeni kitabları çap olunacaq
Bakı, 25 sentyabr, AZƏRTAC
Sentyabrın 25-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib. İclasa sədrlik edən Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva Elmi şuranın gündəliyində olan məsələləri diqqətə çatdırıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda müzakirə edilən məsələlərdən biri çapa təqdim edilən kitablar ilə bağlı olub. Qeyd edilib ki, “Şərq filologiyası məsələləri” toplusunun12-ci nömrəsində türk, ərəb və İran filologiyasına dair elmi məqalələr toplanıb. Həmçinin institutun Din və ictimai fikir şöbəsinin böyük elmi işçisi Dürdanə Cəfərlinin “Müasir İslam fikrində Qurançılıq” və Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Samid Bağırovun “Fütuhati-Şahi” və “Həbibus-Siyər” əsərləri əsasında Şah İsmayılın həyatı və şəxsiyyəti” adlı monoqrafiyaların çapa təqdim olunması təsdiqlənib.