Şərqşünaslıq İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən direktor, akademik Gövhər Baxşəliyeva fevralın 26-sının Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu söyləyib. O, Xocalı faciəsinin ağır nəticələrindən danışıb, xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini deyib.
G.Baxşəliyeva bu kütləvi qırğın nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın amansızlıqla qətlə yetirildiyini, 487 nəfərin şikəst olduğunu, 1275 dinc sakinin əsir götürüldüyünü bildirib. Onlardan 150-nin taleyinin hələ də məlum olmadığını, 8 ailənin tamamilə məhv edildiyini, 25 uşağın isə hər iki valideynini itirdiyini qeyd edib.
Direktor ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Milli Məclis tərəfindən bu hadisələrə hüquqi-siyasi qiymət verildiyini bildirib. G.Baxşəliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək olaraq İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlamentlər İttifaqının qəbul etdiyi bəyannamədən söz açıb.
G.Baxşəliyeva Xocalı soyqırımı ilə bağlı bu yaxınlarda Şərqşünaslıq İnstitutunda biri ərəb və ingilis, digəri isə fars və ingilis dillərində iki bukletin nəşr olunduğunu, digər soyqırımı aktları ilə bağlı isə indiyədək 30-a yaxın kitabın çap edildiyini bildirib.
İnstitutun əməkdaşları Səməd Bayramzadə, Dünyamalı Vəliyev və digər çıxış edənlər bu faciənin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləyiblər.